İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

Bakı Metropoliteninin Mexanikləşdirmə İdarəsinin sabiq rəisi Aslan İskəndərovun evindən 1,4 milyon manat oğurlamaq məqsədilə evinə basqın edən şəxslər cinayəti necə planladıqlarını etiraf ediblər.
 5 nəfərlik dəstə sabiq rəisin külli miqdarda pulunu ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub onun mənzilinə girməyə cəhd ediblər. Məhkəmə materiallarına görə, onlar evdə olan ailə üzvlərinə zor tətbiq edərək A.İskəndərovun arvadı, qızı və bacısı qızına xəsarət yetiriblər.

Təqsirləndirilən şəxslər istintaqa verdiyi ifadələrdə bu işi özbaşına təşkil etmədiklərini, hər şeyi sabiq rəisin həyat yoldaşı G.İ. və rəfiqəsinin planladığını bildiriblər.

Məhkəmədə dindirilən zaman təqsirləndirilən Mirafiq V. oğurluğun G.İ. və rəfiqəsi Tacirə tərəfindən təşkil edildiyini deyib: "2011-ci ildə Tacirə adlı baxıcı ilə tanış olmuşdum. O, qardaşı Anarın imkanlı və evli bir qadınla münasibətinin olduğunu deyib, onların birgə şəkillərini mənə göstərdi. Tacirə qadının əri ilə münasibətlərinin pozulduğunu, yaşadığı mənzildə ərinə məxsus seyfdə 1 milyon 400 min manat pul olduğunu bildirdi. Təklif etdi ki, mən bir neçə adam tapım və pulları evdən oğurlayaq. G.İ.nın özünün də bu işə razı olduğunu bildirdi. Hətta mənim yanımda onunla videozənglə danışdı, o da seyfin yerini Tacirəyə göstərdi. Tacirə ilə danışığımız belə oldu ki, G.İ. özü oğurluğa girməyimiz üçün şərait yaradacaq. Qadın evdən çıxanda qapını açıq qoyub çıxacaq, biz də evə girib seyfi götürəcəyik. Bu iş üçün Saray qəsəbəsindəki tanışlarım Nəsimi, İskəndər, Nicat və Ruslanla danışdım. Evə girib G.İ.nin ağzını tutub, ona fiziki güc tətbiq etmək görüntüsü yaradacaqdıq. Tacirənin planına əsasən, qadına təzyiq olunmalı, mənzildən seyf götürüləndən sonra əşyalar dağınıq vəziyyətə salınmalı, mənzildə  oğurluq hadisəsi olması görüntüsü yaradılmalı idi. Qadının qızı şübhələnməsin deyə bir nəfər də onun ağzını tutmalı idi. Mənzildən götürüləcək pulun 400 min dolları G.İ-yə çatacaqdı. Qalan pulu isə Tacirə, mən və evə girən şəxslər arasında böləcəkdik".

5 nəfərlik dəstə planlaşdırdıqları oğurluğu həyata keçirmək üçün sabiq rəisin evinə yollanıblar. G.İ. qızı və bacısı qızı ilə birlikdə mənzildən çıxanda dəstə onlara hücum edib. Lakin hadisə zamanı qadın dəstənin işinə mane olub və onlara evə girmək üçün şərait yaratmayıb. Xanımlar qışqırmağa başlayıblar, onların qışqırıqlarına qonşular gəlib və dəstə üzvləri qaçmalı olublar. Həmin vaxt Aslan İskəndərov da evdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31