Apteki qarət etmək istəyən “iş başında” yaxalanıb
8 Fevral 2019 15:02 KriminalOğurluğa cəhd göstərən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin mühafizəsi 24 saat etibarlı şəkildə təmin olunur. Bunu təsdiqləyən hadisələrdən daha biri ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi, 16-da qeydə alınıb. Həmin ünvanda yerləşən aptekdə oğurluğun qarşısı mühafizə polisinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilməklə alınıb. Onların operativliyi nəticəsində obyektə külli miqdarda ziyan vurulmasına imkan verilməyib.
Belə ki, gecə saat 04:22 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə yaxınlaşan idarənin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta biliblər. Saxlanılan zaman həmin şəxsin üzərindən kəsici alətlər və hadisə zamanı aptekin qapısını qırmaq üçün istifadə etdiyi dəmir parçası aşkar olunaraq götürülüb. Oğurluq etmək istəyən şəxs daha sonra ərazi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Anar Rəşidzadə olduğu məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və polis əməkdaşları tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.Faktla əlaqədar araşdırmalar davam etdirilir. A.Rəşidzadənin əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi"nə, aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.