Azərbaycanlı 8 qadın Türkiyədə fahişəliyə cəlb edildi – FOTO

 

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirovanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova həbs edilib.

Məlahət Bəşirova 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Məlum olub ki, Məlahət Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

Məlahət Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

İstintaq orqanı tərəfindən Məlahət Bəşirovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 8 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31