160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

Son 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi qeyd edilən praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib. Məlumatda o da bildirilib ki, nazirlik 40-dan çox ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 32 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli konvensiya üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir. Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq bu il 19.000-ə çatmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31