Əsgər mülki şəxs tərəfindən bıçaqlanıb
10 Sentyabr 2018 12:05 Kriminal2018-ci il sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Olaylar"a verilən məlumata görə, hadisə saat 15:00 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıcaqla 3 zərbə endirib. Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunub, vəziyyəti ağırdır. Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib. Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılıb, hərbi prokururluq orqanlarına məlumat verilib. Hadisə ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir.