İŞİD tərkibində döyüşən azərbaycanlı 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
22 Fevral 2017 18:12 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Ramin Xanmuradov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilir. Müəyyən edilib ki, həmin şəxs 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib. Apa.az