Dələduzluq etməkdə təqsirləndirilən şəxsin həbs müddəti dəyişdirildi
2 May 2016 17:42 KriminalXətai Rayon Məhkəməsində "Bizim Market" şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Arif oğlu Quliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Bu barədə report-a S.Quliyevin vəkili Vasif Mirzəyev məlumat verib. Vəkilin sözlərinə görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və S.Quliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti üç ay artırılıb.
Qeyd edək ki, S.Quliyev "Bizim Market" şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edilir ki, S.Quliyev onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bu il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev barəsində 3 ay müddətində həbs qəti imkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.