Aİ-yə ödəniş, yoxsa iqtisadi sıçrayış? Britaniya seçim qarşısında- ÖZƏL

Avropa İttifaqı Avropa İttifaqı Böyük Britaniyadan vahid bazara çıxış üçün illik təxminən 1,15 milyard avro ödəniş tələb edir. Bildirilir ki, Brüssel Kir Starmer-dən 4 mayda İrəvanda keçiriləcək sammitdə bu məsələyə prinsipial razılıq gözləyir.
Məlumata görə, Aİ ilə daha sıx inteqrasiya istəyən Londonun bu cür maliyyə öhdəliyi götürməsi "qeyri-adi sayılmır". Nümunə kimi Aİ üzvü olmayan İsveçrənin vahid bazara çıxış üçün illik ödəniş etdiyi qeyd olunur. Böyük Britaniyanın daha böyük iqtisadiyyata malik olması səbəbilə tələb olunan məbləğin də yüksək olduğu bildirilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Böyük Britaniya üçün vahid bazara çıxış haqqı olaraq illik 1,15 milyard avro ödəmək böyük rəqəm kimi görünsə də, ölkənin iqtisadi miqyası ilə müqayisədə ciddi yük deyil. Britaniyanın ÜDM-i 3 trilyon dollardan çoxdur, illik büdcəsi 1,2 trilyon funtdan yuxarıdır. 1,15 milyard avro, yəni təxminən 1 milyard funt, büdcənin 0,1 faizindən də azdır. Müqayisə üçün, Britaniya Aİ üzvü olanda büdcəyə ildə xalis 8-10 milyard funt ödəyirdi. İndi təklif olunan məbləğ ondan 8-10 dəfə azdır.
İqtisadi baxımdan sərfəli olub-olmaması vahid bazara çıxışın gətirdiyi gəlirlə ölçülür. Vahid bazar 450 milyon istehlakçı deməkdir. Britaniya malları və xidmətləri ora rüsumsuz, kvotasız, əlavə sertifikatlaşdırma olmadan daxil olsa, ixracatçılar gömrük, sənədləşmə, gecikmə xərclərindən qurtulur. Brexitdən sonra Britaniya şirkətləri Aİ-yə mal satanda orta hesabla 6-8 faiz əlavə xərc çəkir. Maliyyə, hüquq, konsaltinq kimi xidmət sahələri isə ümumiyyətlə bazara girişini itirdi. Aİ-nin hesablamalarına görə, vahid bazara tam çıxış Britaniya iqtisadiyyatına ildə 25-30 milyard funt əlavə ÜDM verə bilər. 1 milyard ödəyib 25 milyard qazanmaq olarsa, bu, sırf rəqəmlə sərfəlidir.
Bu cür ödənişlərin büdcəyə təsiri iki cürdür. Birbaşa xərc kimi büdcədən 1 milyard çıxır, amma dolayı yolla vergi daxilolmaları artır. İxrac artanda şirkətlərin mənfəəti, işçilərin maaşı, yığılan ƏDV və gəlir vergisi çoxalır. İsveçrə nümunəsi göstərir ki, Aİ-yə illik 130 milyon avro ödəyir, amma vahid bazar sayəsində ÜDM-nin 20 faizindən çoxunu Aİ ilə ticarət formalaşdırır. Yəni verdiyi pulun dəfələrlə artığını qazanır.
Uzunmüddətli strategiyaya təsiri isə siyasi və iqtisadi seçimdən asılıdır. Əgər Britaniya Aİ-dən tam uzaqlaşıb ABŞ və Asiya ilə işləmək istəyirsə, ödəniş mənasızdır. Amma coğrafiya dəyişmir: Britaniya ixracının 42 faizi hələ də Aİ-yə gedir. Vahid bazara çıxış olmadan bu payı saxlamaq çətindir. Ödəniş etmək Britaniyanı yenidən Aİ qaydalarına bağlayır, amma qayda yazmaqda iştirak hüququ vermir. Bu, suverenlik itkisi kimi qəbul olunur. Ona görə məsələ sırf iqtisadi deyil, həm də siyasi güzəştdir.
Büdcə üçün risk odur ki, sabah Aİ məbləği qaldırmaq istəsə, Britaniyanın bazarlıq gücü zəif olacaq. Çünki artıq bazara girişdən asılı vəziyyətə düşəcək. Amma ödəniş etməsə, ticarət maneələri qalacaq, şirkətlər istehsalı Aİ ölkələrinə köçürəcək, iş yerləri gedəcək. Brexitdən sonra avtomobil, kimya, maliyyə sektorunda bu proses artıq başlayıb.
Qısası, 1,15 milyard avro Britaniya büdcəsi üçün kiçik rəqəmdir. Vahid bazara çıxışın gətirəcəyi ticarət üstünlüyü və vergi gəlirləri bu xərci üstələyə bilər. Ona görə sırf iqtisadi hesabla sərfəlidir. Amma bu, Britaniyanı yenidən Aİ qaydalarına tabe edəcək və uzunmüddətli siyasi müstəqillik strategiyası ilə ziddiyyət yarada bilər. Qərarı iqtisadi mənfəətlə suverenlik itkisi arasında seçim müəyyən edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31