Qiymətləndirmə sahəsində ziddiyyət: AQP ilə AQC niyə yola getmir?
15:33 İqtisadiyyatAzərbaycanda qiymətləndirmə fəaliyyəti sahəsində son illərdə həyata keçirilən institusional islahatlar mahiyyət etibarilə bazarın hüquqi çərçivəsinin möhkəmləndirilməsinə, fəaliyyət subyektlərinin sistemləşdirilməsinə və nəzarət mexanizmlərinin gücləndirilməsinə yönəlib.
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun qəbulundan sonra Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) yaradılması bu prosesin mərkəzi elementi kimi çıxış edir. Lakin reallıq göstərir ki, hüquqi əsasların mövcudluğu avtomatik olaraq sağlam institusional mühit formalaşdırmır. Əksinə, yeni tənzimləyici institutların formalaşması köhnə peşə strukturları ilə münasibətlərin necə qurulacağı məsələsini daha da aktuallaşdirir.
Bu baxımdan AQP ilə uzun illər qiymətləndirmə sahəsində peşəkar icma funksiyasını yerinə yetirmiş Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında yaranmış soyuq münasibətlər təkcə iki qurumun qarşılıqlı narazılığı kimi deyil, bütövlükdə qiymətləndirmə bazarının institusional yetkinlik səviyyəsinin göstəricisi kimi dəyərləndirilməlidir.
Tənzimləyici institutun mərkəzləşmə strategiyası və onun fəsadları
AQP-nin fəaliyyət fəlsəfəsinə diqqət yetirdikdə açıq şəkildə görünür ki, Palata qiymətləndirmə bazarını mümkün qədər vahid idarəetmə mərkəzində cəmləşdirməyə üstünlük verir. Sertifikatlaşdırma, üzvlük, reyestr, etik kodeks vasitəsilə nəzarət, intizam tədbirləri və metodoloji yanaşmaların təsdiqi kimi əsas alətlər bir qurumun əlində cəmlənib. Hüquqi baxımdan bu yanaşma qanunvericiliyə zidd deyil və qısa müddətdə bazarda nizam-intizam görüntüsü yarada bilər.
Lakin institusional təcrübə göstərir ki, normativ güc üzərində qurulan mərkəzləşmə uzunmüddətli perspektivdə peşəkar çevikliyin azalmasına, metodoloji konservatizmin dərinləşməsinə və intellektual durğunluğa gətirib çıxarır. Çünki tənzimləyici institutun əsas funksiyası qayda müəyyən etmək və icrasını təmin etməkdir. Lakin peşəkar bilik istehsalı isə tamamilə fərqli intellektual mühit tələb edir.
Bu nöqtədə AQC kimi qurumların sistemdən kənarda qalması təsadüfi deyil, struktur problemin nəticəsidir. AQP-nin faktiki olaraq özünü həm tənzimləyici, həm də peşəkar fəaliyyətin yeganə mənbəyi kimi təqdim etməsi bazarda alternativ yanaşmaların institusional kanallardan sıxışdırılmasına gətirib çıxarır.
İnkar edilən peşəkar yaddaş və institusional paradoks
Məsələnin ən mürəkkəb və eyni zamanda ən ziddiyyətli tərəfi ondan ibarətdir ki, bu gün AQP-nin strukturunda təmsil olunan əsas kadrların mühüm hissəsi məhz AQC-nin illər ərzində formalaşdırdığı peşəkar mühitin yetirmələridir. Bu insanlar qiymətləndirmə metodologiyasını, beynəlxalq standartların tətbiqini, bazar analizini və peşə etikası anlayışını AQC platformasında mənimsəyiblər.
Bu reallıq fonunda AQC-nin institusional olaraq görməzdən gəlinməsi paradoksal mənzərə yaradır: peşəkar kapital qəbul edilir, lakin həmin kapitalın formalaşdığı institut tanınmır. Bu isə yalnız təşkilati ziddiyyət deyil, peşəkar yaddaşın sistemdən silinməsi cəhdidir. Halbuki inkişaf etmiş bazarlarda məhz bu yaddaş yeni institutların legitimliyini möhkəmləndirən əsas sütunlardan biri sayılır.
İnzibati tənzimləmə və keyfiyyət problemi
Qiymətləndirmə bazarında aparılan müşahidələr göstərir ki, inzibati nəzarətin güclənməsi hələ avtomatik olaraq keyfiyyət artımı demək deyil. Sertifikatlaşdırma mexanizmlərinin mövcudluğu qiymətləndirmə hesabatlarının metodoloji dərinliyini təmin etmir. Əksinə, peşəkar müzakirə mühitinin zəiflədiyi şəraitdə qiymətləndirmə fəaliyyəti formal prosedurlar toplusuna çevrilmək riski ilə üz-üzə qalır.
İctimai nəzarətin sistemdən kənarlaşdırılması bu riskləri daha da artırır. Çünki peşəkar birliklər yalnız təlim və tədbir təşkil edən strukturlar deyil, həm də bazarın özünü refleksiya mexanizmidir. Bu mexanizm olmadıqda bazar səhvlərini daxildən düzəltmək əvəzinə, inzibati müdaxilələrə ehtiyac duyur.
Beynəlxalq modellərlə uyğunsuzluq
Beynəlxalq təcrübə göstərir ki, qiymətləndirmə sahəsində tənzimləyici institutlar heç vaxt peşəkar birlikləri alternativ və ya təhlükə kimi qəbul etmir. Əksinə, həmin birliklər metodoloji müzakirələrin aparıldığı, etik dilemmaların həll olunduğu və peşəkar konsensusun formalaşdığı platformalar kimi tanınır. Azərbaycanda isə AQP-nin mövcud yanaşması tənzimləmə ilə peşəkarlıq arasında zəruri tarazlığı pozur. Bu tarazlıq pozulduqda bazar formal olaraq tənzimlənir, lakin məzmun etibarilə zəifləyir. Nəticədə qiymətləndirmə fəaliyyəti real iqtisadi qərarların etibarlı əsasına çevrilmək əvəzinə, prosedur xarakteri daşıyan sənədlər istehsal edən sahəyə transformasiya olunur.
İtirilmiş dialoq və alternativsiz idarəetmə riski
AQP ilə AQC arasında dialoqun olmaması faktiki olaraq alternativsiz idarəetmə modelini möhkəmləndirir. Alternativsiz model isə istənilən sahədə risklidir. Çünki tənqid mexanizmi zəiflədikcə qərarların səhv ehtimalı artır, səhvlər isə gec aşkar olunur. Bu, qiymətləndirmə bazarında xüsusilə təhlükəlidir, çünki səhv qiymətləndirmə bank sektorundan daşınmaz əmlak bazarına qədər geniş təsir dairəsinə malikdir.
Çıxış yolu: institusional inteqrasiya və rol bölgüsü
Mövcud vəziyyətin təhlili göstərir ki, problemin həlli tərəflərdən birinin zəifləməsində deyil, funksional inteqrasiyada axtarılmalıdır. AQP-nin tənzimləyici səlahiyyətləri qorunmalı, lakin AQC-nin peşəkar, metodoloji və intellektual potensialı sistemə daxil edilməlidir. Bu, AQP-nin zəifləməsi yox, əksinə, qərarlarının legitimliyinin artması demək olar.
Birgə metodoloji platformalar, ekspert şuraları, təlim mexanizmlərinin əlaqələndirilməsi və peşəkar müzakirələrin institusionallaşdırılması bazarın inkişafı üçün real çıxış yolu ola bilər.
Son illərin müşahidələri göstərir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti institusional baxımdan zəifləmək əvəzinə, əksinə, fəaliyyət dairəsini genişləndirərək yeni mərhələyə qədəm qoyub. Qanunvericilikdə baş verən dəyişikliklərə baxmayaraq, AQC qiymətləndirmə sahəsində peşəkar icma rolunu qorumaqla kifayətlənməyib, eyni zamanda öz təsir radiusunu genişləndirməyə nail olub. Təlim təşəbbüslərinin artırılması, elmi-praktik platformaların formalaşdırılması, beynəlxalq əlaqələrin saxlanılması və regionlarda fəaliyyətin aktivləşdirilməsi bu prosesin əsas göstəriciləridir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, AQC son illərdə yalnız paytaxt mərkəzli fəaliyyət modeli ilə kifayətlənməyərək, qiymətləndirmə fəaliyyətinin regional səviyyədə də institusional əsaslarının möhkəmləndirilməsinə çalışıb. Bu isə qiymətləndirmə bazarının real strukturunu daha düzgün əks etdirən yanaşma kimi dəyərləndirilə bilər. Çünki qiymətləndirmə fəaliyyəti təkcə inzibati mərkəzlərdə deyil, ölkənin iqtisadi coğrafiyasının bütün nöqtələrində həyata keçirilir.
Bu genişlənmə AQC-nin artıq klassik ictimai birlik formatından çıxaraq, peşəkar ekosistem yaratmaq iddiasında olduğunu göstərir. Əhəmiyyətli olan isə budur ki, bu proses inzibati məcburiyyətlə deyil, peşəkar maraq və könüllü iştirak prinsipi ilə baş verir. Məhz bu faktor AQC-nin bazar daxilində hələ də ciddi sosial kapitala malik olduğunu təsdiqləyir.
Yeni qurumun ilk ili: istifadə olunmayan potensial
Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətinin ilk bir ili isə tamamilə fərqli mənzərə təqdim edir. Qanuni səlahiyyətlərə, inzibati resurslara və dövlət tərəfindən tanınan statusa baxmayaraq, Palatanın inkişaf tempi gözlənilən qədər çevik və dərin olmayıb. Bunun əsas səbəblərindən biri kimi AQC kimi formalaşmış peşəkar institutun proseslərdən faktiki olaraq kənarda saxlanılması göstərilir.
AQP-nin ilk il fəaliyyətində əsas diqqət mexaniki tənzimləmə alətlərinə yönəlib: reyestrin formalaşdırılması, sertifikat prosedurlarının tətbiqi, üzvlük mexanizmlərinin inzibati çərçivəyə salınması. Lakin bu mərhələdə peşəkar diskursun, metodoloji müzakirələrin və intellektual debatların institusionallaşdırılması arxa plana keçib. Nəticədə Palata hüquqi baxımdan mövcud olsa da, peşəkar məzmun baxımından hələ də tam formalaşmış institut təsiri bağışlamır.
Burada əsas problem təkcə vaxt amili ilə izah oluna bilməz. Çünki mövcud peşəkar bilik və təcrübə bazası artıq mövcud idi və bu baza AQC timsalında illər ərzində formalaşmışdı. Lakin həmin potensialdan sistemli şəkildə imtina olunmaması AQP-nin inkişafını daha incə, daha dərin və daha balanslı mərhələyə keçmək imkanından məhrum edib.
İnkişafda incəlik problemi: Forma var, məzmun gecikir
AQP-nin fəaliyyətinin ilk ilində müşahidə olunan əsas çatışmazlıq məhz "incə inkişaf" mərhələsinin ötürülməsidir. İnzibati strukturlar qurulub, lakin institusional mədəniyyət hələ tam formalaşmayıb. Bu isə çox vaxt peşəkar qərarların texniki xarakter daşımasına, bazarın real ehtiyaclarından qismən uzaq qalmasına səbəb olur.
Əgər AQC-nin peşəkar təcrübəsi bu mərhələdə prosesə cəlb olunsaydı, AQP-nin qərarları təkcə normativ deyil, həm də praktik əsaslarla zənginləşə bilərdi. Bu isə Palatanın bazarda qəbul olunma səviyyəsini və legitimliyini daha da gücləndirərdi. Hazırkı vəziyyətdə isə AQP daha çox "qanunvericilik institutu", AQC isə "təcrübə institutu" kimi paralel mövcudluq nümayiş etdirir.
Burada diqqət çəkən digər mühüm məqam ondan ibarətdir ki, AQC-nin böyüməsi və peşəkar şəbəkəsinin genişlənməsi AQP üçün alternativ mərkəz formalaşdırmaq məqsədi daşımır. Əksinə, bu genişlənmə bazarın real ehtiyaclarından qaynaqlanır. Qiymətləndiricilər peşəkar müzakirə, metodoloji dəstək və kollektiv təcrübə mühitinə ehtiyac duyur və bu ehtiyac hazırda əsasən AQC tərəfindən ödənilir.
Strateji nəticə: İtirilmiş bir il
Qiymətləndirmə bazarı üçün ən kritik məqam ondan ibarətdir ki, AQP-nin ilk bir ili institusional sintez üçün ən uyğun dövr idi. Məhz bu mərhələdə AQC-nin təcrübəsi, kadr potensialı və peşəkar şəbəkəsi ilə əməkdaşlıq Palatanın formalaşmasını daha sağlam edə bilərdi. Bu imkanın istifadə olunmaması isə inkişaf tempini ləngidib və institusional dərinliyin formalaşmasını gecikdirib.
Bugünkü reallıq göstərir ki, AQC-nin genişlənməsi və AQP-nin institusional mövcudluğu bir-birinə alternativ deyil, əslində bir-birini tamamlayan proseslərdir. Lakin bu tamamlanma yalnız qarşılıqlı qəbul və funksional əməkdaşlıq şəraitində mümkündür. Əks halda qiymətləndirmə bazarında forma ilə məzmun arasında boşluq dərinləşəcək.
Qiymətləndirmə fəaliyyəti yalnız inzibati nəzarət mexanizmləri ilə deyil, peşəkar yaddaş, metodoloji düşüncə və intellektual mühitlə inkişaf edir. Bu mühit isə hazırda mövcuddur və onu görməmək bazarın potensialını görməmək deməkdir.
Qiymətləndirmə bazarında əsas məsələ hansı qurumun daha güclü olması deyil. Əsas məsələ bu sahənin hansı model üzrə inkişaf edəcəyidir. Təkcə inzibati gücə söykənən tənzimləmə modeli qısamüddətli effekt versə də, peşəkar yaddaşı və intellektual mühiti kənarda saxlayan sistem uzunömürlü olmur.
Bu baxımdan AQP ilə AQC arasında mövcud soyuqluq şəxsi və ya təşkilati mübahisə kimi deyil, sistemli problem kimi dəyərləndirilməlidir. Bu problemin həlli isə qarşıdurmada yox, dialoqda və əməkdaşlıqda axtarılmalıdır. Əks halda bazar inkişaf etməyəcək, sadəcə uğursuz formada idarə olunacaq. /MilliYol.az/