Özəl mülkiyyət sərhədsiz səlahiyyət demək deyil: təhsil və maliyyə sektorlarında institusional idarəetmənin qlobal normaları

Müasir dünyada "özəl" anlayışı çox zaman yanlış şəkildə "istədiyini etmək hüququ" kimi başa düşülür. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, özəl mülkiyyət ictimai məsuliyyətdən azadlıq deyil, əksinə, daha sərt institusional nəzarət tələb edən bir statusdur. Bu prinsip xüsusilə təhsil və maliyyə kimi strateji sahələrdə dəyişməz normadır.
Dünya praktikasında belə bir yanaşma mövcuddur: Mülkiyyət sahiblikdir, idarəetmə isə peşəkarlıqdır. Heç bir inkişaf etmiş ölkədə: özəl məktəb sahibi kürəkənini sadəcə ailə üzvü olduğu üçün rəhbər vəzifəyə təyin edə bilməz; özəl bankda idarə heyətinin üzvü tənzimləyici orqanın razılığı olmadan vəzifəyə gətirilmir; özəl universitetin təsisçisi istədiyi şəxsi rektor, prorektor və ya idarə heyəti üzvü kimi təyin etmək hüququna şərtsiz şəkildə malik deyil.
Burada əsas məhdudiyyət şəxslə deyil, sistemin özünü qoruma mexanizmi ilə bağlıdır.
Özəl banklar nominal olaraq kommersiya qurumlarıdır. Lakin onların: əmanətçilərin pullarını idarə etməsi; maliyyə sabitliyinə birbaşa təsiri; sistemik risk yaratma potensialı səbəbindən idarəetmə orqanları dövlət və ya mərkəzi bank nəzarətindən kənar qala bilməz.
Bu səbəbdən: idarə heyətinin üzvləri,icraçı direktorlar, risk və audit komitələrinin rəhbərləri peşəkarlıq, reputasiya, maraqların toqquşmaması keçməlidir. Yaxınlıq bu testlər üçün nə üstünlük, nə də istisna yaradır.
Özəl universitet hüquqi baxımdan kommersiya subyekti ola bilər, lakin funksional baxımdan: ictimai etimad institutu, milli insan kapitalının formalaşdırıcısı və elmi və intellektual müstəqillik daşıyıcısıdır.
Bu səbəbdən Qərb ölkələrində: universitet sahibinin rolu idarəedici deyil, strateji və maliyyə təminatçısıdır; akademik qərarlar senat, akademik şura və müstəqil idarə heyətləri tərəfindən qəbul olunur; rektor və dekan təyinatları şəxsi loyallığa yox, açıq müsabiqə və reputasiya meyarlarına əsaslanır.
Başqa sözlə, universitet ailə biznesi deyil, çünki onun "məhsulu" diplom yox, cəmiyyətin gələcəyidir.
 "Yaxınlarını qoymaq" niyə problem sayılır? Bu cür təyinatlar üç əsas institusional riski yaradır: 
Maraqların toqquşması - Qərarların obyektivliyi şübhə altına düşür. 
Peşəkarlıq defisiti - vəzifə təcrübə və kompetensiya əsasında deyil, ailə bağları ilə müəyyən edilir.
İctimai etimadın itməsi - Tələbələr, müəllimlər və cəmiyyət universiteti elmi məkan yox, şəxsi mülk kimi görməyə başlayır.
İnkişaf etmiş ölkələrdə məhz bu risklərə görə yaxınlarının təyinatı ya qadağandır, ya da ciddi məhdudiyyətlərə tabedir.
Qlobal təcrübənin ortaq nəticəsi belədir: Özəl mülkiyyət idarəetmə özbaşınalığı demək deyil. Strateji sahələrdə (bankçılıq, təhsil, səhiyyə) institusional mexanizmlər şəxsi iradədən üstündür. Universitetin, bankın və məktəbin dəyəri sahibinin adı ilə yox, idarəetmə keyfiyyəti ilə ölçülür.
Əgər bir ölkədə özəl universitet sahibi:istədiyi adamı, istədiyi vaxt və istədiyi vəzifəyə heç bir prosedur olmadan təyin edirsə, bu artıq özəl təhsil deyil, institusional geriləmədir.

Zahid Məmmədov 

İqtisad elmləri doktoru, professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31