Ölkədə həyata keçirilən iqtisadi siyasət liberal iqtisadiyyatın inkişafına rəvac verir
14:55 İqtisadiyyatİstiqamət: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkədə dayanıqlı iqtisadiyyatın formalaşmasına səbəb olub. Sirr deyil ki, aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması kimi amillər ölkədə iqtisadi inkişafı təmin edib. Məhz bunun nəticəsidir ki, ölkədə ümumi daxili məhsulun artımı 4 faizi üstələyib, qeyri-neft sənaye sektorunda artım tempi 7 faizi ötüb, valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb. Heç şübhəsiz ki, iqtisadi inkişafın bu həddə çatmasında qeyri-neft sektorunun, xüsusilə sahibkarların rolu kifayət qədərdir. Ölkənin ümumilikdə makroiqtisadi göstəricilərinə nəzər salsaq, iqtisadiyyatın müxtəlif sahələrində uğurların əldə olunmasında özəl sektorun xüsusi rolu aydın sezilər. Bu isə təsadüfi deyil, çünki, Azərbaycanda sahibkarlar üçün yaradılan münbit şərait onların fəaliyyətinə güclü təkan verib.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində qeyd edib ki, ölkəmiz ümumi daxili məhsulun xarici borca olan nisbətinə görə, dünyada liderlər sırasındadır: "Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni, əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Mən hələ beş il bundan əvvəl, bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik. İndi 7.2 faizdir, yəni, xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Mənim tərəfimdən müvafiq göstərişlər verilib".
Əvvala qeyd edək ki, Azərbaycanda sahibkarların sərbəst fəaliyyəti üçün əlverişli hüquqi mühit yaradılıb. Nəzərə almaq lazımdır ki, sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılmasıdır. Elə bu səbəbdən də son illərdə ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb. Konkret olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının Fərmanı ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti mütəmadi olaraq uzadılıb. Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və həmin tarixli digər Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılaraq, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apelyasiya Şurasında baxılır. Həmçinin Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi təsis edilib. Həmçinin, sahibkarlıq fəaliyyətinə dair tələblər sadələşdirilib.
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə sahibkarların məmnunluq səviyyəsinin artırılması təmin edilib. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilirlər.
Göründüyü kimi Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın güclənməsi istiqamətində ildən-ilə innovativ addımlar atılır. Atılan bu addımlar ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, liberal iqtisadiyyatın inkişafına müsbət təsir edir. Artıq liberal iqtisadi addımlar işğaldan azad edilmiş ərazilərə də sirayət etməyə başlayıb. Belə ki, Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Daha dəqiq, Xankəndidə fəaliyyət göstərmək istəyən iş adamları üçün vergi, sosial, kommunal güzəştlər və 10 il müddətinə vergidən azad olma kimi güzəştlər nəzərdə tutulur. Şübhəsiz ki, bu istiqamətdə atılması gözlənilən addımlar istər-istəməz işğaldan azad olunmuş ərazilərdə də azad sahibkarlıq və liberal iqtisadiyyatın geniş təşviqinə rəvac verəcək.
Məlum olduğu kimi dövlətin güzəştli maliyyə mexanizmləri sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, iqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri ölkədə biznes mühitinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. Xüsusilə güzəştli kredit mexanizmi sahibkarların bizneslərini böyütmək üçün müraciət etdiyi əsas maliyyə mexanizmlərindən biridir. Sahibkarlar isə bu mexanizmdən rahat çəkildə faydalana bilirlər. Müşahidələr deməyə əsas verir ki, bu mexanizmdən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Sadalanan faktlar bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasət azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına rəvac verəcək.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.