Fransa Senatının Qarabağla bağlı qərarları sülh prosesinə ciddi təsir etməyəcək - Politoloq – ÖZƏL
17:08 DünyaFransa Senatında "Ermənistan xalqı və onların öz torpaqlarına qayıtmaq hüququ" mövzusunda konfrans keçirilib. Bu tədbir Ermənistanda Sülh Naminə Konsept Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib. Konfransda iştirak edənlər, erməni xalqının "öz torpaqlarına" qayıtma hüququnu müzakirə ediblər.
Mövzu ilə bağlı siyasi şərhçi Natiq Miri Olaylar.az-a danışıb. O bildirib ki, bu məsələnin Fransada qaldırılmasında başqa maraqlar var:
"Təşəbbüskar olan qurum və bu kontekstdə digər qurumlar hakimiyyətdə uzun müddət olmuş Qarabağ klanına yaxın onların dəstəklədiyi qurumlardır və əlbəttə ki, bu cür qurumların ilk dəstəyi Avropada, xüsusilə də erməni yönlü olan Fransa dövlətindədir. Ona görə də bunun sülh prosesinə ciddi bir gərginlik yaradacağını düşünmürəm. Çünki Ermənistan hökuməti səviyyəsində bu məsələ gördüyünüz kimi qapadılıb. Burada başqa maraqlar var və bununla bağlı təkcə Azərbaycan deyil, eyni zamanda, Nikol Paşinyan hökuməti də ittiham olunur. Bütün bunlar həm Ermənistanda daxili auditoriyaya, həm də beynəlxalq səviyyədə dəstək tapmağa hesablanıb. Ona görə də bunun sülh prosesinə ciddi bir zərəri yoxdur".
Siyasi şərhçi qeyd edib ki, beynəlxalq hüquq Ermənistan üçün keçərlidirsə, öz ata-baba yurdundan qovulmuş minlərlə soydaşlarımız üçün də keçərli olmalıdır.
"Ayrıca bu məsələnin qərəzi onda görsənir ki, əgər Fransa Senatında belə bir məsələ qaldırılırsa və bu, əsasən beynəlxalq humanitar hüquq səviyyəsində əsaslandırılırsa, beynəlxalq hüquq selektiv seçimi qəbul etmir. Çünki əgər söhbət Qarabağda yaşayan, yəni 2023-cü ilə qədər Qarabağda yaşayan öz xoşu ilə Qarabağı tərk edib Ermənistana köçən ermənilərin yenidən Qarabağa qayıdış hüququndan danışılırsa, eyni münaqişədən zərər çəkən 100 minlərlə soydaşımız var. Yəni Ermənistandan öldürülərək, döyülərək, sürgün edilərək zorla qovulmuş 100 minlərlə soydaşımız var. Əgər bu hüquq ermənilər üçün keçərlidirsə, əsaslandırılırsa, onda bu təşəbbüsdə, bu tədbirdə bir də Ermənistandan köçürülən insanların geri qayıdış hüquqları da danışılmalı, əsaslandırılmalı idi. Yox, əgər danışılmırsa, demək ki, burada konkret hansısa geosiyasi niyyətlər mövcuddur".
Natiq Miri əlavə edib ki, Fransa nə qədər qərəzli olaraq bu məsələləri Azərbaycan əleyhinə formalaşdırsa, Azərbaycan da Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlara dəstəyini bəyan edəcək.
"Bu kontekstdə zaman-zaman Azərbaycanda Fransanın müstəmləkəsi olan, dənizaşırı ərazilərdə fəaliyyət göstərən qrupları da Azərbaycanı dəstəkləyir. Yəni bu təzyiq mexanizmləri, hadisələri qarşılıqlıdır. Fransa nə qədər qərəzli olaraq bu məsələləri Azərbaycan əleyhinə formalaşdırıb, beynəlxalq ictimai rəy yaratmaq istəyirsə, bunu təzyiq mexanizminə çevirmək istəyirsə, Azərbaycanda Fransanın müstəmləkəliyi kontekstində dənizaşırı ərazilərdə müstəmləkədən əziyyət çəkən xalqlara öz dəstəyini bəyan edir".
Müsahibimiz sonda əlavə edib ki, bu proseslər Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə ciddi zərər verə bilməz.
"Mən bunun Ermənistan hökumət səviyyəsində ciddi dəstəkləndiyini düşünmürəm. Belə olduğu təqdirdə də bu sülh prosesinə əngəl ola bilməz. Əksinə, əngəl olmağa çalışanlar var. Bütövlükdə bu danışıqların pozulmasını istəyənlər var. Ancaq bu danışıqların davam etməsinin Ermənistanın xeyrinə olacağının fərqində olan bir də Nikol Paşinyan hökuməti var. Ona görə də Ermənistan hökuməti fərqli düşünürsə, düşünmürəm ki, bu, sülh prosesinə ciddi bir zərər verə bilsin".
Səidə Ramazanova