Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir
18 Noyabr 2022 11:21 İqtisadiyyatRusiya-Ukrayna müharibəsi fonunda Avropada Azərbaycanın enerji mənbələrinə olan tələbat getdikcə artır. Məhz bu baxımdandır ki, qoca qitənin əksər ölkələri bu gün Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Müntəzəm olaraq Bakıya Avropa liderlərinin təşrif buyurması, eləcə də Azərbaycan Prezidentinin rəsmi və dövlət səfərləri ilə Avropanın ayrı-ayrı ölkələrinə dəvət edilməsi fonunda Azərbaycana olan maraq açıq şəkildə özünü büruzə verir. Çünki bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfərinə dəvət olunması da məhz qeyd etdiyimiz amillərdən irəli gəlir. Elə siyasi şərhçi Lalə Cəfərova da bu qənaətdədir. O bildirib ki, bu gün Azərbaycanın nefti və qazı 7 kəmər vasitəsilə müxtəlif ölkələrə ixrac olunur: "Qədim neft diyarı kimi bütün dünyada məşhur olan Azərbaycan artıq beynəlxalq bazarda özünü həm də yeni təbii qaz mənbəyi, etibarlı və təhlükəsiz "mavi yanacaq" təchizatçısı kimi təqdim etmişdir.Avropa dövlətlərinin və Azərbaycanın qazın şaxələndirilmiş yollarla nəqli barədə mövqeləri üst-üstə düşür, artıq bu istiqamətdə iddialı layihələr də mövcuddur. Bütün bu layihələr Xəzər qazının, xüsusən də Azərbaycanda hasil olunacaq "mavi yanacağ"ın dünya bazarlarına nəqlini nəzərdə tutur. Azərbaycan necə ki, neftin dünya bazarlarına çıxarılmasında önəmli və etibarlı tərəfdaş statusunu qazanmışdırsa, artıq yeni dövrdə qaz sahəsində də o statusu qazanmaqdadır.Bu sahədə mühüm strateji rol oynayan layihələrdən biri olan Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və "Snam Rete Gas" (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir". Lalə Cəfərova bildirib ki, 2020-ci il TAP boru kəməri üçün əlamətdar bir il olub: "Belə ki, 2020-ci ilin oktyabr ayında TAP Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla dolduruldu.Nəhayət ki,15 Noyabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri tamamlandı və ticarət fəaliyyətinə başladı.Nə COVID-19 pandemiyası, nə də Dağlıq Qarabağ müharibəsi Azərbaycanın TAP layihəsini yekunlaşdırmasına mane ola bilmədi və ilk Azərbaycan qazı artıq Avropa istehlakçılarına nəql edildi.Təxmini dəyəri 4,5 milyard avro olan TAP boru kəməri, Xəzər dənizindəki Şahdəniz 2 qaz yatağından (SD2 )Avropa istehlakçılarına qaz nəql etmək üçün yeni bölgələrarası ixrac qaz kəməridir". TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. Hazırda həm TAP, həm də TANAP kəmərlərinin 2 dəfə genişləndirilməsi məsələsi müzakirə olunur". Onun sözlərinə görə, Prezident İlham Əliyev, TAP layihəsinə üzv olan ölkələrdən biri Albaniyadan olan həmkarı Bayram Beqayla mətbuata birgə açıqlamasında qeyd etmişdir ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar: "Eyni zamanda biz bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Biz buna hazırıq və bu məsələni, eləcə də energetika sahəsi ilə bağlı digər məsələləri bundan sonra da müzakirə edəcəyik".
Lalə Cəfərova vurğulayıb ki, TAP intensiv qiymətləndirmə prosesi nəticəsində seçilib və bu seçim Cənub Dəhlizinin birinci fazasını tamamlayır: "Bu qiymətləndirmə zamanı Şahdəniz konsorsiumu əvvəldən elan edilmiş seçim meyarlarından istifadə etməklə həmin alternativ ixrac marşrutlarını qiymətləndirib. Bu meyarlara isə kommersiya səmərəliliyi, layihənin icra mümkünlüyü, maliyyə baxımından icra mümkünlüyü, texniki layihələndirmə, tənzimləmə və şəffaflıq, təhlükəsiz və səmərəli istismar mümkünlüyü, genişləndirilmə imkanı və ictimai maraqlar ilə bağlı nəzərə alınmalı amillər daxil idi. Bundan sonrakı mərhələlərdə TAP-ın genişləndirilməsi imkanları araşdırılacaqdır".
Qeyd edək ki, - Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər.
Süleyman