Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir
10 Oktyabr 2022 13:48 İqtisadiyyatSon illərdə Azərbaycanın dünya miqyasında nüfuzu, çəkisi bir xeyli dərəcədə artıb. İstər 44 günlük Vətən nüharibəsindəki tarixi qələbəmiz, istər Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin, Avropanın Moskvaya tətbiq etdiyi sərt sanksiyalardan dolayı Kremlin Avropaya enerji və qaz satışını dayandırması ilə Azərbaycan qazına olan tələbatın artması, istərsə də regional tranzit-loqistika dəhlizlərinin reallaşmasında ölkəmizin oynadığı mühüm rol Bakıya olan beynəlxalq marağın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artmasını şərtləndirən başlıca amillər sırasındadır. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində dövlət başçısına olan xüsusi diqqət, eləcə də eyni diqqətin, marağın ötən həftə Çexiyanın paytaxtı Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında özünü büruzə verməsi bir daha onu təsdiq edir ki, Azərbaycan artıq təkcə regional deyil, eyni zamanda qlobal gücə çevrilib. Elə əksər ekspertlər də bu qəbaətdədirlər. Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyir ki, Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün bu şəhərə səfəri çərçivəsində Prezident cənab İlham Əliyevin Çexiya Respublikasının paytaxtı qədim Praqa şəhərində Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri, bu zaman əldə edilən razılaşmalar geniş müzakirələrə səbəb olub: "Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər".
Həbib Misirov deyib ki, bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat vardır və bunu hamı gözəl başa güşür: "Zirvə Toplantısında və onun çərçivəsində keçirilən görüşlərdə qeyd edilib ki, Azərbaycan Avropa İttifaqı arasında bir sıra istiqamətlər üzrə və ilk növbədə, enerji sahəsində çox fəal əməkdaşlıq aparılır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artıb. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Əlbəttə ki, Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Avropa İttifaqının da vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər sülhü daha da yaxınlaşdırır. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu il dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilib və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Praqada keçirilən görüşdə də müəyyən irəliləyişlər əldə edilib".
Hakim partiya rəsmisi deyib ki, Praqada əsas diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar oldu: "Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Qürurla deyə bilərik ki, Prezident cənab İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Məhz Praqa görüşündə Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı".
Həbib Misirovun sözlərinə görə, artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır: "Bəli, məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Bu gün Azərbaycan regionda həm hərbi, həm də diplomatik müstəvidə ən güclü tərəfdir".
Süleyman