Elektron ticarət ölkə vətəndaşları üçün daha geniş imkanlar yarada bilər

Dünyanın əksər inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni elektron üsulla həyata keçirilir. Son günlərdə daha çox onlayn ticarətin geniş vüsət almasının şahidi oluruq. 
Onlayn alış-verişi yayğınlaşdıran amillər hansılardır? Onlayn ticarət ucuzlaşma yaradırmı? Azərbaycanda hansı satış şəbəkələri daha populyardır? Azərbaycan alıcısı daha çox hansı malları xaricdən onlayn əldə edir?

İqtisadçı ekspert Razi Abbasbəyli bildirir ki, pandemiya səbəbindən qapanmalar və vətəndaşların elektron ticarətə üstünlük verməsi nəticə etibarilə bu sistemdə çox ciddi dövriyyənin yaranmasına səbəb oldu:
"Əgər biz 2021-ci il ilə müqayisədə 2022-ci ilə diqqət etsək, görərik ki, Azərbaycanda elektron ticarət dövriyyəsi təxminən üç dəfədən bir az çox artıb. Məsələn, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda elektron ticarət  421 milyon manat təşkil edirdisə, bu ilin dövrü ilə müqayisədə, bu il artıq 1 milyard 300 milyon manatdan çoxdur. Yəni bu da o deməkdir ki, Azərbaycanda son bir ildə elektron ticarət üç dəfə artıb.
Elektron ticarətin artmasının ən ciddi səbəblərindən biri burda məhsulların çeşidlərinin bol olması, insanların fiziki olaraq zaman və enerji itirməməsidir. İstənilən bir şəkildə istehlakçı heç bir hərəkət etmir, zaman itirmir və fiziki olaraq heç bir enerji sərf etmədən ehtiyacı olan məhsulu əldə edə bilir. 
Azərbaycan elektron ticarət üzərindən əsasən Türkiyə və Çindən məhsullar alır. Burda daha çox vətəndaşlar faydalanırlar. Yəni, əsasən iri biznesmenlər, sənaye məhsullarının idxalı ilə məşğul olan ticarət zəncirinin iştirakçıları daha az faydalanırlar. Çünki bəlli olduğu kimi bir limit mövcuddur. Hər bir Azərbaycan vətəndaşı bir ay ərzində istehlak ehtiyaclarını ödəmək üçün xaricdən 300 ABŞ dolları həcmində məhsul ala bilər. 
Araşdırmalar göstərir ki, Azərbaycanda elektron ticarətdən daha çox sənaye məhsulları, xüsusilə yüngül sənaye və tekstil məhsullarının alınması və bir də elektronika məhsullarının alınması üçün istifadə edilir. Nəticə etibarilə də ölkədə ucuzlaşma yaranmasa da, ucuz qiymətə istehlak imkanlarının təmin edilməsi baş verir. Amma Azərbaycanda daxili bazarda faktiki bazar iştirakçıları olan ticarətlə məşğul olan böyük biznesmenlər qiymətləri aşağı sala bilmirlər. Çünki burda tətbiq edilən rüsumlar, idxal rüsumları, əlavə dəyər yaradan vergilərlə bağlı rüsumlar fərqli olduğuna görə də pərakəndə satış, hətta topdansatış bazalarında geyim, tekstil və elektronika məhsullarında ucuzlaşma baş vermir. Amma bu sektor çox ciddi ziyan görür, sektorun inkişafında ciddi geriləmələr baş verir. 
Elektron ticarət xammal ixrac edən ölkələr üçün daha ağır fəsadlar yaradır, həmin ölkələrin iqtisadi göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu siyahıya Azərbaycan da daxildir. Azərbaycan əsasən neft ixrac edən ölkədir. Digər qeyri-neft məhsullarının 91%-ni idxal edir. Azərbaycanda pambıqçılıq inkişaf edir, amma Azərbaycanda pambıq məhsullarına, pambıqdan emal olunan məhsullarla bağlı daxili istehsal mövcud deyil. Daxildə istehsalı olmayan ölkələr öz iqtisadiyyatlarını bərpa etməkdə bu baxımdan çətinlik çəkirlər. Çünki elektron ticarət daha azad ticarətdir və vətəndaşların əvəzindən bu ticarəti elektron sistemin iştirakçıları həyata keçirirlər. Nəticə etibarilə də dünyada sərhədsiz ticarət formalaşır. Bu baxımdan da elektron ticarət Azərbaycan kimi ölkələrin ümumi daxili məhsuluna ciddi şəkildə mənfi təsirlər göstərir və hər hansı bir ucuzlaşmaya səbəb olmur.
Ölkədə müxtəlif satış şəbəkələri mövcuddur, sayları kifayət qədər çoxdur. Ən son məlumatlara görə 200-ə yaxın bu xidmətləri təklif edən şirkətlər var. Həm kargo, həm alqı-satqı xidmətləri, həm də elektron ticarətdə iştirakçılıq təklif edirlər. Hətta həmin şirkətlərin bir çoxu vətəndaşlara özləri vergi və gömrük bəyannamələrinin hazırlanmasını təmin edirlər, hüquqi prosedurları həyata keçirirlər. Bu baxımdan da ən populyar, qeyri-populyar hansıdır, iddia etmək bir az çətindir. Çünki Azərbaycanın daxili bazarında az-çox rəqabət olan sektorlardan biri də məhz elektron ticarətin təşkilində daşınmalar, alqı-satqı, idxal və ixracatda iştirak edən şirkətlər arasında rəqabət gedir. O baxımdan da hansı şirkət daha populyardır deyə ad çəksək, bu rəqabət imkanları baxımından doğru sayılmaz, ən azından etik olmaz. Ona görə də hesab edirəm ki, onsuz da Azərbaycanda hər hansı bir istehsal həyata keçirilmir. Bu baxımdan elektron ticarət yaxın aylarda və illərdə Azərbaycanda daha çox böyüyəcək və gözlənilən proqnozlara görə rəqəm hətta 1 milyard 300 milyondan 2 milyarda yaxın yüksələ bilər. Artıq təkcə elektronika məhsulları və yüngül sənaye, geyim məhsulları deyil, eyni zamanda ərzaq məhsullarının da elektron ticarət üzərindən vətəndaşların istehlakı üçün əldə edilməsi tendensiyası, prosesi başlayıb və bu proseslər başladıqca, davam etdikcə, düşünürəm ki, Azərbaycan bütövlükdə dövlət anlamında iqtisadi inkişaf, iqtisadi gəlirlər və rəqəmlər baxımından geri düşsə də, ümumi anlamda vətəndaşlarımız bu proseslərdən qazanmış tərəf kimi çıxacaqlar".

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlının sözlərinə görə, onlayn ticarət ucuzluq yaradır:
"İnformasiya texnologiyalarının inkişafı ilə bağlı son dövrlər bu proses bütün dünyada gedir. Artıq onlayn ticarət real ticarəti üstələyir. Burda təkcə ticarət sektoru yox, həm də xidmət sektoru onlayn formada genişlənir. Bu həm daha sərfəlidir, həm də vaxt və qiymət baxımından daha uyğundur, seçim imkanları da verilir. İnsanlar nəinki ölkə daxilindən, bütün dünyadan istədiyi məhsulları seçib, müqayisə edib, çatdırılmasını təşkil edirlər. Vaxt itirmədən, əlavə xərc çəkmədən daha ucuz və keyfiyyətli malı əldə edirlər.
Bu əslində müsbət haldır, ümumiyyətlə qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Çünki həmişə məhsul və xidmətlərin üzərinə onun satış, çatdırılma marjaları gəlir, əlavə xərclər ortadan qalxdığına görə onlayn formada satış hamı üçün daha sərfəli olur. 
Təbii ki, ucuzlaşma yaradır. Mən elə hesab edirəm ki, onlayn olmasa, bizim indi əldə etdiyimiz məhsullar daha baha olardı. Burda bizdə bir problem var. Çox təəsüf ki, Azərbaycanda şəxsi məqsəd üçün xaricdən onlayn formada məhsul almaq üçün limit azaldılıb, cəmi 300 dollardır. Yəni, bizim hər hansı bir vətəndaşımız tutaq ki, xarici ölkədən hər hansı bir aparat, şəxsi komputer, telefon və s. alanda 300 dollardan o tərəfə keçə bilmir. Bu da çox az bir məbləğdir. 300 dollara heç normal kompüter, smartfon və yaxud başqa bir ev əşyası almaq olmaz. Bu limit artırılmalıdır. Belə çıxır ki, bu limit monopolist idxalçıların mənafeyinə xidmət edir ki, insanlar özləri xaricdən ala bilməsinlər və onların gətirdiyi məhsullardan alsınlar. Bəzən bir məhsuldan 2-3 dənə gətirməyə icazə vermirlər. Halbuki ailə üzvlərinin hərəsi bir dənə nəsə almaq istəyə bilər, bu normaldır. Əksər ölkələrdə limitlər və say hesabı bizdən yüksəkdir.
Azərbaycan daxilində məşhur şəbəkələrdən əsasən Tap.az, Lalafo, Turbo.az və s. kimi çox sayda satış saytları var. İnsanlar artıq bir xidmət və ya məhsul axtaranda daha çox onlara üz tutur. Hər kəsin əlində bir smartfon var və 5 dəqiqə ərzində istədiyi məhsulu tapır, müqayisə edir, sifariş verir və alır. Çatdırılma da olur, əksəriyyəti də məhsulu pulsuz çatdırır. 
Beynəlxalq saytlardan da Aliexpress, Alibaba, Amazon və s. kimi böyük saytlar var ki, Türkiyədə, Rusiyada da belə böyük satış saytları var, ordan da çox sifariş edilir və bu daha sərfəli olur. 
Deyək ki, bizdə əsasən xaricdən aparat, şəxsi əşyalar, geyim, ayaqqabı və s. alınır, iri məhsullara o qədər də çox əhəmiyyət verilmir. Çünki çəki baxımdan bizdə kargo xidmətləri yüksəkdir. Ona görə necə deyərlər, qiymətdə ağır, vəzndə yüngül məhsulları almağa üstünlük verirlər. Bəzi məhsulların da Azərbaycanda yaxşısı olmadığına görə məcbur xarici saytlardan sifariş verirlər.
Bu məsələ bütün dünyada geniş yayılır, artıq bizdə də yayılır. Sadəcə bizdə əngəllər var, dediyim kimi, limit çox aşağıdır. Məsələn, mən özümə bir kompüter almaq istəyirdim, 550$-dır, ala bilmirəm. Bu zaman uzun bir prosedur keçməlisən, əlavə gömrük vergi rüsumları ödəməlisən, əlavə sənədlər düzəltməlisən ki, bu dəhşətli bir tarixçədir. Və yaxud da hansısa bir məhsulu alanda baxırsınız bəzən çəkisi ağır olur, amma qiyməti ucuz olur. Məsələn, 200$-lıq məhsul alırsan, kargo xidmətinin qiyməti məhsulun qiyməti qədər, hətta bəzən ondan daha çox edir. Bu məsələlər düzəlsə, insanlar üçün daha rahat olar. Ölkədə ucuzluq yaranar, istehlakçı hüquqları daha yaxşı qorunmuş olar. Çünki istehlakçının seçmək, əziyyət çəkmədən almaq hüququ var. Elə adam var ki, xəstədir, harasa gedə bilmir və yaxud da vaxtı yoxdur. Bu kimi hallarda onlayn alış-veriş müsbətdir. 
Elə olur ki, bəzən insanlar evindəki lazımsız əşyaları satmaq istəyir. Bu halda onu satış saytlarına qoyurlar, uyğun müştəri tapıb, satırlar. Hətta həmin məhsulu axtaran şəxslər, məsələn, soyuducu, televizor, hətta mebellərin bahalısını ala bilmədiklərinə görə, ikinci əl məhsulları ala bilirlər. Ona görə onlayn ticarət dünyada qarşısı alınmaz şəkildə inkişaf edəcək, bizdə də inkişaf edir. Buna əngəllər yaratmaq yox, əksinə, onlayn ticarəti təbliğ etmək lazımdır. Bu halda ölkə iqtisadiyyatı əlavə yükdən azad olur. Çünki mağazalar nə qədər böyük yer tutur, orda əlavə xərclər olur, kommunal və s. Onlayn ticarətdə kiçik bir anbar kifayət edir ki, məhsulları ora yığıb, ordan satışını edə bilirlər. Həm də biznesin sərfəliliyi cəhətdən mağaza işlədib vergi, rüsum ödəməkdənsə, onlayn ticarət sahibkara daha sərfəlidir ki, xərcləri az olsun.
Dediyim kimi, bu sahədə ciddi əsaslı dəyişikliklər olmalıdır. Xüsusən də xaricdən gətirilən məhsullarda. Çünki bizdə bu məhsulların istehsalı yoxdur. İstehsal yoxdursa, deməli elə bir şərait yaratmalıdırlar ki, insanlar o məhsulu özləri xaricdən sifariş edib, alsınlar. 300$-a nə ala bilərsən ki xaricdən? Vətəndaş şəxsi məqsəd üçün adi bir televizoru ala bilmirsə, onun hüququ pozulur. Kommersiya məqsədilə olanlara qadağa qoysunlar. Tutaq ki, 3-5 televizor gətirirsə, ola bilər ki, satış məqsədilə gətirir. Amma 1-2 dənə evinə lazımdırsa, buna qadağa qoymaq, limiti aşağı etmək olmaz. Heç olmazsa, limiti aylıq yox, illik edə bilərlər. Məsələn, aldığımız məhsul 500$-dır, 300$-dan yuxarı ala bilmirik, bunu bir dəfə gətirə bilirsən. Bunun əvəzində elə etsinlər ki, məsələn, illik limit 3600$-dırsa, bunun neçə dəfəyə gətirməsindən fərqi olmadan illik limit olsun. 
Bu məsələlər onlayn ticarətin qarşısında əngəllər yaradır, həm istehlakçılara, həm sahibkarlara zərər olur. Hesab edirəm ki, bununla bağlı dünya təcrübəsinə baxılmalıdır. Başqa ölkələrdə olan limitlər, şərtlər, qaydalar bizdə də tətbiq olunmalıdır. Başqa ölkələrdə 10000$, 8000$, 5000$ aylıq limitlərdirsə, bizdə 300$ gülünc bir rəqəmdir, bunu dəyişmək lazımdır. 
Ayrıca kargo şirkətlərində monopoliya kimi bir şey var. Yəni, kargo şirkəti açıb işləmək çətindir, daşınma, təyyarə reysləri bahadır. Ona görə kargo şirkətləri gətirilən məhsulları çox baha qiymətə gətirir. Nəqliyyat daşınmalarında elə bir şərait yaradılmalıdır ki, kargolar arasında rəqabət olsun, daha sərfəli qiymətə məhsulları gətirsinlər. Bunlar olmasa bizdə onlayn ticarət ancaq ölkədaxili inkişaf edə bilər, xarici ölkələrdən nəsə almaq və yaxud xaricilərin bizdən nəsə almasında artıq problemlər olur".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31