Regionların simasını dəyişdirən dövlət proqramları
21 Aprel 2022 15:39 İqtisadiyyatİstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Regionların simasını dəyişdirən dövlət proqramları
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları respublikanın bütün regionlarını əhatə etməkdədir. Artıq təkcə paytaxt Bakı deyil, eləcə də ölkənin bütün şəhər və rayonları inkişaf mərhələsini yaşayır. Etiraf edilməlidir ki, sözgedən inkişaf proqramları sırasında regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Hazırda Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının icrası həyata keçirilir. 2019-2023-cü illəri əhatə edən sosial-iqtisadi inkişafı proqramı çərçivəsində xeyli işlər görülüb. Qeyd edək ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Etiraf edilməlidir ki, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev qeyd edib ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsində məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir: "Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. "Doing Business" hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir. Beləliklə, 14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir".
Sözün həqiqi mənasında respublikada həyata keçirilən regionları sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. İndinin özündə də iqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı həyata keçirilən strategiya və qəbul edilən dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Ötən illər ərzində regionlarda minlərlə kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə minlərlə kilometr uzunluğunda içməli su xətləri çəkilib. Regionlarda 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, yüz minlərl əhali içməli su ilə təmin edilib. Minlərlə kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində minlərlə məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Dövlət proqramları çərçivəsində ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, sənaye zonalarında rezidentlər tərəfindən milyardlarla manat investisiya yatırılıb və on minlərlə yeni iş yeri yaradılıb. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala milyardlarla manat investisiyanın yatırılmasına, on minlərlə yeni iş yerinin açılmasına səbəb olub. Təsadüfi deyil ki, bu layihələrin 87 faizi regionların payına düşür. Bundan başqa, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində bölgələrə ənənəvi fəaliyyət sahəsi olan pambıqçılıq, tütünçülük, arıçılıq, baramaçılıq kimi sahələrin inkişafı təmin edilib. Hazırda işğaldan azad edilməş ərazilərdə sürətli tikinti-quruculuq işləri aparılır. Qarşıya qoyulan əsas məqsəd yerli resurslardan istifadə etməklə yeni infrastrukrutun və sənaye sahələrinin yaradılmasından ibarətdir. Heç şübhəsiz ki, görülən işlər nəticəsində ölkə iqtisadiyyatının sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunacaq.
Millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin siyasi kursunun çox mühüm istiqamətlərindən birini davamlı islahatların aparılması təşkil edir. Bu, həm milli maraqlara əsaslanır, həm də müasir çağırışlara adekvatdır: "Ümumiyyətlə, Azərbaycanın yaratdığı reallıqlar iqtisadi, sosial və inzibati idarəetmə sahəsində mühüm addımların atılmasını zəruri edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, eyni zamanda, yeni regional idarəetmə modelinin tətbiqi baxımından olduqca əhəmiyyətlidir. Doğrudur, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət proqramlarının qəbul edilməsi və uğurla icra olunması əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına mühüm töhfələr verir. Amma eyni zamanda, regional inkişafın davamlılığının təmin olunması üçün inzibati idarəetmə sahəsində də islahat xarakterli tədbirlərin həyata keçirilməsi önəmlidir. Ölkəmizdə ötən əsrin 90-cı illərində böyük rayonları iki hissəyə bölməklə 10-a yaxın rayon yaradılıb. Hazırda islahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaqdır. Bəzi rayonların birləşdirilməsi isə zərurətə çevrilir. Gələcəkdə öz daxili idarəetməsini həyata keçirən rayonların sayını artırmaq üçün çalışmalıyıq. İnzibati rayonlarda işlər elə qurulmalıdır ki, rayonun hökumətdən dotasiyası azalsın. Yeni müəssisələr tikilməli, xidmət sahələri yaradılmalıdır. Kiçik rayonları birləşdirilərək daha səmərəli idarə olunması həm iqtisadi, həm də sosial cəhətdən faydalı olar. Bu, birmənalı olaraq regionların inkişafına stimul verəcək. Çünki xərclə gəlir arasındakı fərqin büdcədən ödənilməsi regionlarda istehsal sektorunun inkişafına imkan vermir. Rayonların birləşdirilməsi həm də dotasiyalaşdırma mexanizminə son qoyacaq ki, bu da özlüyündə büdcənin yükünü azaldacaq. Nəticədə bundan sonra rayonlar yerli büdcə hesabına inkişaf edəcəklər. Eyni zamanda, Bakı ilə regionlar arasında iqtisadi fərq aradan qalxacaq və regionlara xarici investisiyaların cəlb edilməsi ilə yeni iş yerləri yaradılacaq. Beləliklə, regional islahatlar idarəetmənin optimallaşdırılması - çeviklik və effektivliyin artırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması baxımından önəmli olmaqla yanaşı, iqtisadiyyatın inkişafına yeni təkan və töhfədir. Bir sözlə, Prezident İlham Əliyevin mütərəqqi islahatlar kursu Azərbaycanın strateji hədəflərinin gerçəkləşməsini təmin edir".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir