Yanacağın qiymət artımının qarşısını necə almaq olar?
16 Sentyabr 2021 11:08 İqtisadiyyatVüqar Bayramov: "Qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var"
Məlum olduğu kimi "Aİ-95" markalı benzinin qiyməti 1.60, "Aİ-98"in satışı isə 1.90 manat olub. "Aİ-98"-lə müqayisədə "Aİ-95" çox işlənən yanacaq hesab olunur. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırılması isə istehlakçılar arasında narahatçılığın yaranmasına səbəb olub. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir. Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur: "Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən "Aİ 95" və "Aİ 98" markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər. Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik. 2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur. Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər. Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır".
Millət vəkili qeyd edib ki, dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel Brent markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə "OPEC plus" ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq "qara qızıl" dəyər qazanmaqdadır: "Neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür. Çin ötən ay gündəlik 10.5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. "Bloomberg" agentliyinin məlumatına görə, dünyada 5.56 milyard dollar peyvənd dozası istifadə edilib. Gündəlik 37.3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36.2 faizi artıq vaksinasiya olunub. Qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir. Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edilib. Xam neft ixracının həcmi 11,7% azalsa da əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb. Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq. Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki Qlobal Neft Şokuda məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır".
Millət vəkili onu da bildirib ki, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 337 milyon dollar olub. Dövriyyənin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. Nəticədə həmin dövrdə 4 milyard 741 milyon dollarlıq müsbət saldo yaranıb: "Xarici ticarət dövriyyəsinin strukturunun təhlili bir sıra məqamlara xüsusi yanaşmaya imkan verir. Qardaş Türkiyə Azərbaycan xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac etdiyimizi nəzərə alsaq o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13.5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dollar olması anlamına gəlir. Qeyd edək ki, qardaş ölkələr qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyirlər. Bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti cəlb edir. Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir. Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur. Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar. Qeyri-neft ixracatımızın 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşüb".
Alim