Azərbaycanda etibarlı aqrar sığorta mexanizmi yaradılır -ŞƏRH
Azərbaycanda etibarlı aqrar sığorta mexanizmi yaradılır
23 Avqust 2019 13:04 İqtisadiyyatÖlkədə ilk dəfə müştərək sığorta sistemi formalaşdırılacaq
Etiraf edilməlidir ki, kənd təsərrüfatı sahəsinin inkişafı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Lakin o da faktdır ki, aqrar sahədə sığorta mexanizmi işə düşmədiyindən insanları bu sahəyə sövq etmək elə də asan olmur. Məhz bu kimi amllər nəzərə alınaraq ölkədə aqrar sığorta mexanizminin yaradılması günün tələbinə çevrilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərman imzalayıb. Bununla yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, aqrar sığorta mexanizmi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yeni mexanixm dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb. Beləliklə yeni qanun kənd təsərrüfatı sığortası fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl tərəfdaşlığının təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, kənd təsərrüfatı sığortası mexanizmində mütərəqqi təcrübəyə malik olan ölkələrin təcrübəsinin daha da yaxından öyrənilməsi və ölkədə olan kənd təsərrüfatı risklərinin təkrarsığortalanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, stabil və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcək.
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən bu mexanizmin həyata keçirilməsi üçün görüləcək işlər müəyyən edilib.Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq. Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-nin artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib. Yeni mexanizmdə Aqrar Sığorta Fondunun yanında sığorta şirkətlərinin təsisçiliyi ilə idarəedici qurumun yaradılması nəzərdə tutulub. İdarəedici Şirkətin əsas funksiyası Fondun icra səlahiyyətlərini həyata keçirmək, sığorta müqavilələri satmaq, sığorta hadisələrini tənzimləmək, elektron informasiya sisteminin hazırlanması və dəstəklənməsini təşkil etmək, müstəqil ekspertlər hazırlamaq və onlarla işi qurmaqdır. Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.
Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, Agentliyin əsas istiqamət olaraq idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu sahədə göstərilən xidmətlərin elektronlaşmasıdır. Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinin əsası odur ki, fermerlərə dövlət xidmətləri əlçatan olsun, bu xidmətlərdən yararlansınlar və xidmətlər şəffaf şəkildə həyata keçirilsin. Lakin bu istiqamətdə bəzi çətinliklər var: "Çətinliklər isə ondan ibarətdir ki, fermerlərimiz kifayət qədər aqrar sahədə becərmə texnikaları, heyvanlara qulluqla bağlı məlumatlı deyillər. Çalışacağıq ki, bu istiqamətdə də işimizi təkmil şəkildə görək. Fermerlərə düzgün aqrotexniki qulluqlar, heyvanlara baxış və yemlənmə qaydaları, həmçinin digər istiqamətdə də proseslərimizi həyata keçirək". Onun sözlərinə görə, qurumun əsasnaməsində də qeyd olunduğu kimi, əsas istiqamətlər həm bitkiçilik, həm də heyvandalıq sahəsində məhsuldarlığının artırılması istiqamətində fəaliyyətin qurulmasından ibarətdir: "Biz Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə mütəmadi olaraq bu prosesləri nəzarət altında saxlayacağıq və çalışacağıq ki, fermerlərin yanında olaraq onlara dəstək verib fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalını artırılmasına nail olaq".
Zəka