Azərbaycan dövləti düzgün inkişaf yolundadır
28 İyun 2019 14:22 İqtisadiyyatJalə Əliyeva: "Heç bir qüvvə onu yolundan döndərə bilməz"
Ölkə prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Bu yöndə qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir: "Bilirsiniz ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra prezidentin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Belə ki, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırıldı, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırıldı, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırıldı, yeni şəhərciklər inşa edilərək istifadəyə verildi. Bütün bunlarla yanaşı, bu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib məqamlardan biri idi. Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata, pensiyanın minimum həddi isə 114 manatdan 160 manata qaldırıldı ki, bu da təxminən 38-40 faizlik artım demək idi. Pensiyanın minimum həddinin artırılması təxminən 400 minə yaxın əmək pensiyaçısını əhatə edirdi. Fevralın 25-də dövlət başçısının imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı nəticəsində aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırıldı. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, fevralın 28-də imzaladığı dünyada analoqu olmayan tarixi Fərmanla 2015-ci ilin iki devalvasiyası nəticəsində yaranmış problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu. Həmin Fərmanla təxminən 800 mindən artıq vətəndaşımız bu problemlədən qurtuldu, 311 mindən artıq məhkəmə işi geri çəkildi, dayandırıldı, insanların məhkəmə qapılarında qalmasına son verildi. Yəni, problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və sair addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır"- deyə, bəyan edən ölkə prezidentinin bu fikirləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapdı və tapmaqdadır". Millət vəkili qeyd edib ki, ölkə prezidenti son çıxışlarında, istər Nazirlər Kabinetinin yanvar və aprel aylarında keçirilən iclaslarında, istər regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan 3-cü Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransında, istər Azərbaycan xalqına Novruz təbrikində, istər Mərdəkan-Qala avtomobil yolunun açılışında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirirdi. Konkret olaraq, Mərdəkan-Qala avtomobil yolunun açılışında vətəndaşlarla, yerli sakinlərlə söhbəti zamanı dövlət başçısı qeyd edirdi ki, minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır: "Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz"-deyən dövlət başçısı bildirirdi ki, biz daha yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. O, sonra sözlərinə davam edərək "Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır..."-deyə, vurğulayırdı. Bu baxımdan, dövlət başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının yaxşılaşmasını təmin etdiyi kimi, iyunun 18-də, cəmi bir gün ərzində imzaladığı 17 sərəncam da məhz bu məqsədə xidmət edir". Onun bildirdiyinə görə, dövlət başçısının imzaladığı Sərəncamla ölkədə minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Bu da 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 mini dövlət qurumlarında çalışırsa, 350 mini özəl sektorda fəaliyyət göstərir. Bununla yanaşı, iyunun 18-də imzalanan digər sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bununla yanaşı, ölkə prezidentinin parlamentə göndərdiyi "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərlə ölkədə əmək pensiyalarının minimum həddinin növbəti dəfə artırılması, 160 manatdan 200 manata qaldırılması və dəyişikliklərin qəbul edilərək, imzalanmasından və hüquqi qüvvəyə minməsindən sonra oktyabrın 1-dən tətbiqi nəzərdə tutulur: "Beləliklə, pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin də qeyd etdiyi kimi, orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksasiya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək.Bütövlükdə bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb. İlin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın güzəranı daha da yaxşılaşacaq".
Nurlan