Daşınmaz əmlak üzərində icarə və istifadə hüququ hansı qaydada həyata keçirilir?

Daşınmaz əmlak üzərində icarə və istifadə hüququ hansı qaydada həyata keçirilir?

Bu sahədə tətbiq edilən yeniliklər prosedurların sadələşdirilməsinə səbəb olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərdən biri də daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvidir. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ varsa, həmin hüquq dövlət qeydiyyatına alınmalıdır. İcarə və ya istifadə müqaviləsi üzrə tərəflərdən biri bu hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə verə bilər. Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, o cümlədən hüquqi və fiziki şəxslər xidmətlərdən istifadə etmək üçün  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə və Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilər. Müraciət zamanı bina, qurğu, ev, binada və ya evdə yerləşən mənzillər, otaqlar icarəyə verildikdə yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı, şəxsiyyəti təsdiq edən sənəd, ərizə, icarə müqaviləsi və digər zəruri sənədlər tələb olunur. Xidmətlərin göstərilməsi barədə qərar qəbul edildikdən sonra icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış hazırlanır. Notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edilməlidir. İcarə və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması xidməti 10 iş günü müddətində göstərilir, 20 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir. Daşınmaz əmlakın icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi xidməti isə 5 iş günü ərzində göstərilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmət nəticəsində daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi barədə arayışın skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə göndərilir və ya birbaşa təqdim edilir.

Xatırladaq ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Qeydiyyat xidmətləri əhaliyə daha da yaxınlaşır, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində elektron mühitin sferası genişlənir. Bu sahədə mühüm yeniliklərdən biri, vətəndaşların qeydiyyat prosedurlarını sadələşdirən elektron çıxarışın tətbiqi oldu. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən çıxarışların elektron şəkildə verilməsi prosesi həyata keçirilir. Elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Qeyd edilməlidir ki, hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-a yaxın, o cümlədən Bakı şəhəri üzrə isə 330-a yaxın elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar hətta 1 iş günü ərazində də verilir. Eyni zamanda, ölkə başçısının imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı da vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olmuşdur. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Bu fərmana əsasən artıq 300-ə yaxın vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib. Ümumiyyətlə, qeyd edilməlidir ki, bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Belə ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72.4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19.7 minə yaxını (27.2 faizi) ilkin, 52.7 minə yaxını isə  (72.8 faizi) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13.4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36.5 mini torpaq sahəsi, 1500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib. Cari ilin yanvar-aprel aylarında 62.5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir. Bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minə yaxın vətəndaş müraciəti qəbul edilib. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan ümumilikdə 30.5 mindən çox vətəndaş istifadə edib.Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən "Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol" kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31