Uşaq pulunun bərpası mümkündürmü?
1 Aprel 2019 12:40 İqtisadiyyatVüqar Bayramov: "Azərbaycanda uşaq pulunun bərpasının maliyyə bazası var"
Azərbaycanda həyata keçirilən sosial siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etməkdədir. Hazırda gündəmdə olan məsələlərdən biri uşaq oulunun bərpası ilə bağlıdır. Xatırladaq ki, bir müddət öncə yayılan məlumata görə, aprelin birindən etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcək. Lakin Əmək və Əhalinin Sosial Müdafə Nazirliyindən bildirilib ki, ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqətə yğun deyil. Nazirlikdən o da bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü vardır ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib. Belə ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, bu gün 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə deyil. Onun sözlərinə görə, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil: "Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonçunun uşağına niyə dövlət uşaq pulu verməlidir? Belə olan təqdirdə ünvanlılıq pozular.Üç yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz".
Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpası üçün hökumətə təklif göndərib. Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, təklif edilən mexanizmə görə, uşaq pulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir. Müraciətdə üç yaşınadək uşaqlara aylıq 80 manat, dörd yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi təklif olunur:
"Uşaq pulunun bərpası ilə bağlı hazırlayıb içtimaiyyətə təqdim etdiyimiz mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir. Əvəlla, qeyd edim ki, beyin mərkəzi olaraq müxtəlif mexanizm və təkliflər hazırlayırıq və bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardır. Digər tərəfdən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır". Onun sözlərinə görə, əslində, 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanlzmı hökumətə və ictimaiətə təqdim edəndə çoxları kreditlərə kompensasiya veriləcəyinə inanmırdı. Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaq pulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq:
"CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaq pulunun olub-olmaması ilə bağlı oldu. Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir? Qeyd edim ki, biz mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənmişdik. Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı" adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir. Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var".
Alim