Neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət
18 Fevral 2019 19:20 İqtisadiyyatSumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı olub
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkəmizə yeni-yeni layihələr həyata keçirmək üçün imkanlar yaradır. Həm neft, həm də qeyri-neft sektorunda həyata keçirilən bu layihələr iqtisadiyyatımızın çoxşaxəli inkişafına zəmin yaradır. Düzdür, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə məqsədyönlü tədbirlər keçirilsə də, lakin neft sektorunda da zaman-zaman müvafiq addımlar atılır, yeni layihələr həyata keçirilir. Bu günlərdə qeyd edilən sahəni əhatə edən daha bir mühüm tədbir gerçəkləşib. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılış mərasimi keçirilib. Zavodun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak edib.
Məlumat üçün qeyd edək ki, "SOCAR Polymer" layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer" zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, "SOCAR Polymer" zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Öz-özlüyündə sözügedən zavodun açılışı sıradan bir hadisə kimi xarakterizə edilsə də, lakin onun fəaliyyət sferası, istehsal gücü, beynəlxalq əməkdaşlığına nəzər yetirdikdə, "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun həm də xarici ticarətimiz üçün əlverişli olduğu qənaəti ortaya çıxır. Belə ki, zavod yeni açılsa da, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Digər tərəfdən belə bir zavodun açılması həmçinin Azərbaycan brendinin dünyada tanıdılmasının sürətlənməsi anlamına gəlir. Çünki zavodda "Made in Azerbaijan" brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.
Sözügedən zavodun açılışı ilə Azərbaycanda bir ilkə imza atıldığını da deyə bilərik. Birinci növbədə bu dövlət-özəl sektor tərəfdaşlığının bariz nümunəsidir. İkincisi isə, "SOCAR Polymer" Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir.
İlkin qiymətləndirmələrə görə, "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Azərbaycanda bu tipli zavod və müəssislərin yaradılması ölkəmizin iqtisadi imkanlarını artırmaq, neft sektorunu inkişaf etdirməklə yanaşı, həmçinin məşğulluğun səviyyəsinin də artmasına təsir göstərir. Belə ki, zavodun açılması ilə çox sayda yeni iş yerləri yaradılıb ki, bu da olduqca müsbət tendensiyadır. Bir məqamı xüsusilə qeyd etmək yerinə düşər ki, zavodda gənc kadrlara üstünlük verilib. Elə Prezident İlham Əliyev də zavodun açılış mıərasimində çıxışı zamanı bu məqama diqqət çəkib. Dövlət başçısı bildirib ki, zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir: "Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında "SOCAR Polymer"in əlbəttə ki, xüsusi yeri vardır. Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, "SOCAR Polymer" tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir". Prezident qeyd edib ki, zavodun istehsal gücü 300 min ton olacaq: "Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.
Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır. Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir".
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, artıq bu tipli zavod və müəssisələrin paytaxtdan əyalətlərə, iri şəhərlərə doğru istiqamət götürməsi həm həmin şəhər və rayonlarda insrastrukturun daha da inkişaf etdirilməsi, onun inkişafına yol açır, həm də yerlərdə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına töhfə verir. Digər bir amil bu tipli zavod və müəssislər hesabına Azərbaycanın şəhər və rayonları da beynəlxalq miqyasda, dünyada tanınır. Təsadüfi deyil ki, elə dövlət başçısı da çıxışı zamanı bu fikrə diqqət çəkib: "Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir".
S.İsmayılbəyli