Bəzi investisiya layihələrinə ayrılan vəsait təyinatı üzrə xərclənməyib

Hesablama Palatası Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair audit keçirib. "Olaylar" Palataya istinadən xəbər verir ki, audit 2015-2017-ci illərdə Fondun fəaliyyətinin təşkili, vəsaitlərin formalaşması və istifadəsi, istifadə olunan  vəsaitin həcmi və strukturu, vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinata uyğun istifadəsi, maliyyə hesabatlarının dürüstlüyü və daxili nəzarətin qiymətləndirilməsi məsələlərini əhatə edib. Audit zamanı müəyyən edilib ki, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin Fond tərəfindən monitorinqlə əhatəliliyi lazımi səviyyədə təşkil olunmayaraq 2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63%-i, 2016-cı ildə 2,55%-i, 2017-ci ildə isə 7,93%-i monitorinqlərlə əhatə edilib.

Fond  tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də ekspertizanın keçirilməsi qaydaları hazırlanmamış, layihələrin yerində ilkin və cari monitorinqlərinin aparılması qaydalarının layihə risklərinin minimuma endirilməsi üçün təkmilləşdirilməsinə zərurət yaranmış, investisiya layihələrində əsasən tikinti- quraşdırma işləri və texnoloji avadanlıqların alınması nəzərdə tutulsa da biznes planların ixtisaslaşmış ekspertizasının aparılması üçün Fondun yetərli kadr potensialının olmaması və kənardan peşəkar mütəxəssislərin cəlb edilməməsi ekspertizaların təkmil və əhatəli aparılması, eləcə də investisiya layihələrinin bu sahəni tənzimləyən normativ sənədlərin tələblərinə uyğun hazırlanması və təqdim edilməsində risklər yaratmış, habelə layihələrin dəyərinin bazar qiymətlərinə uyğunlaşdırılması tam nəzarətdə saxlanılmamışdır.

Bəzi hüquqi və fiziki şəxslərin Fonddan müvəkkil kredit təşkilatları vasitəsilə iqtisadiyyatın müəyyən olunmuş prioritet sahələrinin inkişafı üçün güzəştli kredit almalarına baxmayaraq, onlar tərəfindən vergi bəyannamələrində (əlavələrdə) alınmış kredit vəsaitlərinin məbləğinin göstərilməməsi və ya düzgün göstərilməməsi, həmçinin gəlir əldə etmədiklərinin və ya fəaliyyətlərinin dayandırıldığının bəyan edilməsi, biznes planda nəzərdə tutulan yeni iş yerlərinin yaradılması faktlarının bəyannamədə öz əksini tapmaması, dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu ehtimalını göstərir.

Fondun vəsaitləri hesabına orta və böyük həcmli kreditlərlə maliyyələşdirilən və 485,4 milyon manat məbləğində vəsaiti əhatə edən 239 investisiya layihəsindən 247,8 milyon manatı və ya 51,1%-i əhatə edən 105 layihə (43,9%), kiçik həcmli kreditlərlə maliyyələşdirilən və 98,5 milyon manat məbləğində vəsaiti əhatə edən 9434 layihədən 1,2 milyon manatı və ya 1,2%-i əhatə edən 78 layihə (0,8%), ümumilikdə isə 249,0 milyon manatı əhatə edən 183 layihə auditlə əhatə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31