Manatın məzənnəsi necə olacaq?
Neftin qiyməti yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır
29 Yanvar 2019 15:24 İqtisadiyyatNeftin qiyməti yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır
2015-ci ildə dünya bazarlarında baş verən maliyyə böhranı və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əksər neft ixrac və istehsal edən ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Cərəyan edən proseslər fonunda milli valyutanın məzənnəsi Birləşmiş Ştatlar dollarına nisbətən kəskin şəkildə aşağı düşdü, ard-arda devalvasiya baş verdi. Amma hökumətin zamanında atmış olduğu adekvat addımlar böhranın Azərbaycana daha çox təsir etməsinin qarşısını aldı. Ötən müddət ərzində atılmış adekvat addımlar nəticəsində milli valyutanın məzənnəsini nisbətən sabit saxlamaq mümkün oldu. Paralel olaraq böhran dövründə iqtisadiyyatda yaranmış, meydana gəlmiş çətinliklər tədricən aradan qalxdı. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını davam etdirdi. Elə 2018-ci ilin yekunları və əldə edilən nəticələr də belə deməyə əsas verirdi. Maraqlısı odur ki, iqtisadi sahədə əldə edilən nailiyyətlər bir sıra beynəlxalq reytinq agentlikləri, dünyanın maliyyə qurumları tərəfindən də təqdir edildi, hazırlanan hesabatlarda Azərbaycan iqtisadiyyatının inkişafı yüksək qiymətləndirildi. Ancaq eyni zamanda müəyyən təhlükəli risklərin mümkünlüyü də bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyd edilməkdədir. Belə ki, bir neçə gün öncə S&P Global Ratings agentliyi Azərbaycanın reytinqini növbəti dəfə təsdiq edib. Qəribədir ki, agentliyin açıqlamasında ölkənin iqtisadi vəziyyəti ilə bağlı gözləntilər və narahatçılıqlar əksini tapıb. Hesabatda milli valyutanın məzənnəsi ilə bağlı müəyyən məqamlar da əksini tapıb. Qeyd edək ki, hazırda cəmiyyətin əsas diqqəti Agentliyin manatın gələcək məzənnəsi ilə bağlı proqnozunadır. Iqtisadçi ekspert Samir Əliyev deyir ki, proqnoza görə, bu il manatın dollara nəzərən məzənnəsi 1,79, 2020-ci ildə 1,87, 2021-ci ildə isə 1,97 olacaq: "Yəni ucuzlaşma uyğun olaraq 5,3 faiz, 4,5 faiz və 5,4 faiz olacaq. Bir sözlə, Agentliyə inansaq, 2019-2021-ci illərdə manat dollar qarşısında dəyərini 15,9 faiz itirəcək". Bəs görəsən bu, proqnoz nə dərəcədə realdır?
İqtisadçı deyir ki, beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir: "Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünyada baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan S&P Global Ratings agentliyinin proqnozu da möcvud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır. Bu proqnoz nə dərəcədə realdır? Yenə hər şey neftin qiymətindən asılı olacaq. Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24 faiz ucuzlaşacaq və proqnozu da neft qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələ ki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa növbəti ucuzlaşma qaçılmazdır".
Samir Əliyev hesab edir ki, hər bir halda Agentliyin proqnozuna neftin qiymətinin proqnozlaşdırılan səviyyədə (24%) ucuzlaşması kontekstində baxmaq lazımdır: "Qeyd etmək lazımdır ki, Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır. Bunu maliyyə sektorunun, o cümlədən bank sektorunun vəziyyəti diqtə edir. Bank sektorunda dollarlaşmanın yüksək olaraq qalması devalvasiyanın onlar üçün öldürücü olması ilə nəticələnə bilər. Depozitlərin kreditləri üstələməsi səbəbindən bank sektorunda yaranmış izafi likvidlik məzənnənin sabitliyinin vacibliyini bir daha zəruri edir. Bu baxımdan Mərkəzi Bank fors-major baş verməzsə, ən azı bu il manatın məzənnəsini dəyişməyə cəhd etməyəcək. Növbəti illərdə isə neftin indiki qiymətləri həddində qeyri-neft ixracının artım tempindən və bank sektorunun sağlamlaşma səviyyəsindən asılı olaraq dəyişiklik mümkündür".
Məhəmməd