Vergi güzəştləri qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək
19 Dekabr 2018 14:01 İqtisadiyyatDövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir
Məlum olduğu kimi gələn il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minəcək. Ekspertlər hesab edirlər ki, qanunvericilikdə edilən dəyişikliklər sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcək. Hazırda isə insanları maraqlandıran ən mühüm məsələlərdən biri əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı yeniliklərdir. Belə ki, yeniliyin yalnız qeyri-dövlət sektorunda çalışanlara şamil edilməsi müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olub. Bəs gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq.(ATV). Bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur. Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Nazir müavini qeyd edib ki, əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu, güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin: "Bizim əmək bazarında çox ciddi problemlər var, əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur. Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır". Sahib Ələkbərov problemin sağlam rəqabət mühitinə mənfi təsir göstərdiyini vurğulayıb: "Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir! Məcəlləyə dəyişikliklərdə qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib. Lakin bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır. Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Məcəlləyə belə bir maddə də əlavə olunub ki, Vergi Məcəlləsində bu il edilən dəyişikliklərlə bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, birinci dəfə həmin vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz. İlk dəfə belə sahibkarlara yalnız yazılı şəkildə xəbərdalıq ediləcək. İkinci və sonrakı dəfələrdə isə qanun pozuntusuna yol verənlərə qarşı sanksiyalar tətbiq olunacaq".
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov bildirib ki, artıq mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib. İ.Əsgərov qeyd edib ki, qurum tərəfindən kiçik və orta sahibkarlıq subyektlərində yeni idarəetmə modelləri yaradılır, qanunvericilik aktları təkmilləşdirilir: "Yeni idarəetmə modellərinə əsasən, Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzəndə kiçik və orta biznes (KOB) evləri yaradılır. Həmin evlərdə sahibkarlara 34 dövlət qurumunun, eləcə də Vergilər Nazirliyinin 110-a yaxın elektron xidməti göstəriləcək". Qurum rəsmisi KOBİA ilə Vergilər Nazirliyi arasında sıx əməkdaşlığın qurulduğunu, kiçik və orta biznesin problemlərinin həllində birgə əməkdaşlığın mühüm rol oynadığını xatırladıb: "Kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanunun hazırlanmasında vergi orqanının təkliflərinə də yer verilib". İ.Əsgərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verildiyini vurğulayaraq qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür: "Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub. KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir. Nazirlər Kabinetinin təsdiq etdiyi "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" sahibkarlıq subyektlərinin hər birinin konkret öhdəliklərini müəyyənləşdirir. Qərara əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri subyektlər hesab olunur".
Nurlan