“Bir çox hallarda insanlar özləri bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər”
Mikayıl Cabbarov: “Sahibkarlıq subyektində aparılan istənilən yoxlama onun fəaliyyətinə təsir edir”
26 Noyabr 2018 14:26 İqtisadiyyatMikayıl Cabbarov: "Sahibkarlıq subyektində aparılan istənilən yoxlama onun fəaliyyətinə təsir edir"
Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının yeni iş prinsipləri, həyata keçirilən islahatların ilkin nəticələri hazırda cəmiyyəti maraqlandıran ən aktual məsələlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilməsi günün vacib məsələlərindədir. Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. 2018-ci ili vergi ödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: "Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb".
Nazir bildirib ki, bir çox sahələrdə vergi pozuntuları, xüsusilə uçotun düzgün aparılmaması və yaxud ümumiyyətlə aparılmaması, qeyri-rəsmi məşğulluğun mövcudluğu, dövriyyələrin azaldılması kimi hallara rast gəlinir. Ticarət, yaxud ictimai iaşə obyektləri göstərdiyi xidmətin, satdığı malın uçotunun nəzarət-kassa aparatında əks etdirilməsini, bir qayda olaraq, zəruri saymır: "Təəssüflər olsun ki, analoji hallar orta və iri vergi ödəyicilərində, hətta istehsal müəssisələrində də özünü göstərir. Vergilər Nazirliyinin praktikası və yanaşması imkan verir ki, bir çox vergidən yayınma halları nazirliyin texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi nəticəsində əldə edilmiş məlumatların təhlili vasitəsilə, yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarılsın". Vergi sistemində aparılan struktur islahatları barədə danışan nazir bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib. Vurğulayıb ki, vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vergi ödəyicisinin və vətəndaşın fəxr və fərəh hissi ilə həyata keçirdiyi öhdəlik olmalıdır. Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən birini təşkil edir və dövlətin maliyyə ehtiyaclarının böyük hissəsi - m də öhdəliklərin tam yerinə yetirilməməsi və digər neqativ hallara heç bir vəchlə yol verilə bilməz. Biznes mühiti və biznesin aparılmasının asanlığına toxunan vergilər naziri Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın islahatçı ölkə kimi dəyərləndirilməsini çox böyük nailiyyət adlandırıb: "Bu uğur dövlətimizin başçısının rəhbərliyi altında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli şəkildə aparılan işlərin məntiqi nəticəsidir". Nazir qeyd edib ki, bununla artıq ikinci dəfədir Azərbaycan "Doing Business" hesabatında ən islahatçı ölkə adını qazanır. Bu, ilk dəfə 2008-ci ildə baş vermişdi. Azərbaycanın 10 il sonra yenidən ən islahatçı ölkə kimi dəyərləndirilməsi onu göstərir ki, aparılan islahatlar sistemli xarakter daşıyır və proseslər bütünlüklə dövlət başçısının diqqət mərkəzindədir. Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlara toxunan nazir ölkəmizin "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda biznesə başlama prosesi çox sadədir, şəffafdır və qısa müddət ərzində həyata keçirilə bilən prosesdir. Bu gün istənilən vətəndaş, yaxud hüquqi şəxslər yeni biznesi "elektron imza" vasitəsilə bir neçə günə, bəzi hallarda bir neçə saata qeydiyyatdan keçirə bilirlər. Qeyd edilib ki, Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bundan sonra da prioritet istiqamət olaraq qalacaq. Növbəti illərdə elektron xidmətlərin sayının genişləndirilməsi, bu xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, Vergilər Nazirliyinin vebportalının funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər həyata keçirilir. Vergilər Nazirliyinin vergi ödəyicilərinə göstərdiyi xidmətlər barədə danışan Mikayıl Cabbarov bu gün biznes iştirakçılarına istiqamətlənmiş geniş çeşiddə vergi xidməti növlərinin mövcud olduğunu vurğulayıb. Respublikamızda vergi ödəyicilərinin 90 faizindən çoxunun hesabat və bəyannamələrini elektron şəkildə təqdim etdiyini bildirən nazir bunu çox yüksək göstərici adlandırıb. Rəqəmsallaşmanın təkcə vergi ödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda təhlillərin və auditin aparılması, kameral yoxlamaların həyata keçirilməsi prosesində də tətbiq ediləcəyini, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə tətbiq olunacağını bildirib. "Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, iqtisadiyyatın şəffaflaşdırılması məsələləri barədə danışan M.Cabbarov bu problemlə bütün dünya ölkələrinin üzləşdiyini və onun həlli yollarının axtarıldığını diqqətə çatdırıb. "İstənilən iqtisadi fəaliyyət ədalətlilik, bərabərlik və təxmin edilən vergitutma prinsipləri ilə tənzimlənməlidir. Bu prinsiplər pozulanda qanunların tələblərinə əməl etməyən sahibkarlarla intizamlı vergi ödəyiciləri arasında haqsız rəqabət yaranır. Bu rəqabətdə dövlət hər zaman məhz sonuncunun yanında olacaq", - deyə vergilər naziri bildirib. Vurğulanıb ki, bir çox hallarda insanlar özləri də bilmədən "kölgə iqtisadiyyatı"nın iştirakçısına çevrilirlər. Məsələn, vətəndaş aksizsiz malları əldə edərkən, işçi kimi əmək müqaviləsi bağlamadan çalışarkən, alıcı kimi istənilən mağazada və yaxud iaşə obyektində kassa çekini almamaqla "kölgə iqtisadiyyatı"nın iştirakçısı olur. Bildirilib ki, pərakəndə ticarətlə bağlı rəsmi statistik məlumatları və vergi məqsədləri üçün vergi ödəyiciləri tərəfindən təqdim edilən bəyannamələri təhlil və müqayisə edərkən bu iki göstərici arasında xeyli fərqin olduğu görünür. Bununla yanaşı, iqtisadiyyatda olan yüksək nağdlaşma, nağd pulun dövriyyəsi, ümumi daxili məhsulda əməkhaqqının nisbətinin aşağı olması və bir sıra digər makromeyarlar "kölgə iqtisadiyyatı"nın miqyasını əyani olaraq göstərir. Müxtəlif beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən aidiyyəti qurumlar tərəfindən "kölgə iqtisadiyyatı"nın həcminin ölçülməsinə cəhdlər göstərilir. Nəticə tətbiq edilən metodologiyalardan asılı olaraq fərqli ola bilər. Aydın olan budur ki, problemin çözülməsi üçün sistemli tədbirlər həyata keçirilməlidir. Burada bir tərəfdən qanunvericilik əsasında "kölgədən çıxış"ı təşviq edən alətlərdən istifadə edilməli, digər tərəfdən nəzarət və cəza alətləri tətbiq olunmalı, sanksiya mexanizmləri gücləndirilməlidir. Bir çox hallarda hətta dövlət tərəfindən güzəşt verilən sahələrdə də "kölgə iqtisadiyyatı"nın əlamətləri - dövriyyədən yayınma, üçüncü şəxslərə vergidən yayınmaq üçün şərait yaradılması kimi xoşagəlməz hallara rast gəlinir. Nazir belə hallara qarşı sistemli mübarizə aparıldığını bildirərək deyib: "Vergilər Nazirliyi tərəfindən 2018-ci ildə müəyyən istehsal sahələrində, məsələn, insan sağlamlığına mənfi təsir edən tütün məmulatları və alkoqollu içkilər sahəsində ciddi tədbirlər həyata keçirilib. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faiz təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5 faiz ətrafındadır. Bu, bir çox aparıcı Avropa dövlətləri, həmçinin Rusiya və Qazaxıstanla müqayisədə çox aşağı göstəricidir. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsullar "kölgə iqtisadiyyatı"nda dövr edir, dövlətə çatmalı aksiz vergi ödənişləri həyata keçirilmirdi. Bundan itirənlər isə dövlət büdcəsi və fəaliyyətini qanunlar çərçivəsində quran ödəyicilər olurlar. Yaxud aparılan araşdırmalar zamanı alkoqollu içkilər istehsalının həcminin kəskin şəkildə azaldıldığı, real istehsal dövriyyələrinin düzgün göstərilmədiyi müəyyən edilmişdi. Bu fərq çox böyük idi. Nəticədə bu ilin ikinci yarısından vergi orqanları tərəfindən həmin müəssisələrdə daimi aksiz nəzarət postları quraşdırıldı. Bu postların fəaliyyəti göstərdi ki, alkoqollu içki istehsalının həcmi 3,5 dəfə azaldılırmış. Burada bir neçə məsələ var idi: aksiz vergisinin alınmaması hesabına dövlətin vergisinin ödənilməməsi, qanunsuz malların ticarət obyektlərində satılması nəticəsində cinayətkar şəbəkələrin yaranması və s. Bu prosesin hər həlqəsində istehsalçının öz məsuliyyəti, satıcının öz vergi məsuliyyəti var idi. Görülən tədbirlərlə bütün bunların qarşısı alındı".
Zəka