Ziyanvericilərə qarşı necə mübarizə aparmaq daha effektlidir?
Hər il anbar zərərvericiləri 65 milyon ton ərzaqlıq və toxumluq dəni məhv edir
26 Noyabr 2018 13:14 İqtisadiyyatHər il anbar zərərvericiləri 65 milyon ton ərzaqlıq və toxumluq dəni məhv edir
Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca yer alsa da, lakin bir çox hallarda bu sahədə mövcud olan problemlər ümumilikdə qeyd etdiyimiz sektorun inkişafına öz mənfi təsirini göstərir. Xüsusilə, hər bir ölkə üçün xas olan ziyanvericilər ümumilikdə kənd təsərrüfatının inkişafında mənfi fəsadlara yol açır. Hər mövsüm üçün spesifik olan bu problemlərə qarşı mübarizə aparılsa da, lakin bir çox hallarda aparılan mübarizə effektli olmur.
Kənd təsərrüfatı sahəsində mövcud olan ən ciddi problemlırdən biri ziyanvericilərlə bağlıdır. Azərbaycanda da müntəzəm olaraq kənd təsərrüfatı sahələrində ziyanvericilərə rast gəlinir və müvafiq nazirlik, onun aidiyyatı qurumları həmin ziyanvericilərə qarşı mübarizə aparırlar. Demək olar ki, respublikamızın hər bir bölgəsi üçün özünəməxsus iqlimi olduğundan bir çox ziyanvericilər də həmin iqlimə uyğun şəraitdə çoxalır və əkin sahələrinə ciddi zərər verirlər. Amerika ağ kəpənəyi, çəyirtkələr, tırtıllar və digər ziyanvericilərə müntəzəm olaraq müxtəlif regionlarımızın əkin sahələrində rast gəlmək olur və buna qarşı da mübarizə aparılır. Onu da qeyd etmək lazımdır ki, ziyanvericilərin ən çox zərər yetirdiyi sahələr məhz taxıl sahələridir ki, bu da tək Azərbaycanda deyil, eləcə də dünyada tez-tez rast gəlinən problemdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il anbar zərərvericiləri 65 milyon ton ərzaqlıq və toxumluq dəni məhv edir. Halbuki bu məhsulla 135 milyon insanı və ya bütün Afrika qitəsinin əhalisini qida ilə təmin etmək olar. Hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur. Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır. Xüsusilə karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən bitki mənşəli məhsulların idxalının ildən-ilə artması, zərərli orqanizmlərin ölkə ərazisinə gətirillməsi kimi real təhlükə yaradır. İl ərzində idxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı, Azərbaycan Respublikasında karantin tətbiq edilən onlarla növ aşkar edilir. Bununla yanaşı, hazırda bəzi saxlanma yerləri müasir tələblərə cavab vermir. Eyni zamanda, anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artıb. Bu zərərvericilər müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə-tərəvəzləri, heyvan mənşəli məhsulları, qarışıq yemləri, otu, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini və s. yoluxdura bilir. Zərərvericilər məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, toxumların cücərmə faizini azaldır. Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlarda allergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər.
Anbar zərərvericiləri ilə profilaktik və məhvedici tədbirlər görməklə mübarizə aparılır. Fumiqasiya geniş yayılmış məhvetmə üsullarından biridir. Belə ki, fumiqasiya zamanı zərərvericilər zəhərli buxar və ya qazlarla məhv edilir. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə, 100% səmərə almaq mümkündür. Lakin fumiqantlardan yanlış istifadə, bu zaman qaydalara əməl edilməməsi ciddi fəsadlar yarada bilər. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, fumiqantlar tətbiq edilərkən xüsusi qaydalara əməl edilməlidir. Belə ki, həblərin vahid sahəyə düşən norması sahə üzrə bərabər şəkildə paylanmalıdır. Həblərin qeyri-bərabər paylanması nəticəsində, yanğın və partlayış baş verə bilər. Digər tərəfdən buməhsulun orqanoleptik göstəricilərinin pisləşməsinə və yüksək dərəcədə kimyəvi çirklənməsinə səbəb ola bilər.
Fumiqasiya prosesinə qədər təşkilatı işlər planlı şəkildə aparılmalı, müvafiq orqanlara fumiqasiyanın aparılması barədə məlumat verilməli, xəbərdaredici lövhələr hazırlanmalı, qaz sızmasının qarşısının alınması məqsədi ilə obyekt hermetikləşdirilməlidir. Fumiqasiya və deqazasiya zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir.
Məhəmməd