Kənd təsərrüfatı kooperativləri istehsalın və səmərəliliyin artırılmasına töhfə verə biləcək?

Beynəlxalq təcrübədə kənd təsərrüfatı kooperativləri istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verməkdədir. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər və kooperasiya dünyanın inkişaf etmiş ölkələrinin kənd təsərrüfatında istehsalın təcrübədə özünü doğrultmuş əsas formasıdır.

Beynəlxalq təcrübədə kənd təsərrüfatı kooperativləri istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verməkdədir. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər və kooperasiya dünyanın inkişaf etmiş ölkələrinin kənd təsərrüfatında istehsalın təcrübədə özünü doğrultmuş əsas formasıdır. Azərbaycanda da "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun  qəbul edib. Belə bir qanunun qəbulunda məqsəd ölkəmizdə kənd təsərrüfatı kooperasiyanın formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən etmək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləməkdir. Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən hazırlanan qanun  kooperativ və kooperasiya anlayışı dəqiq verilmişdir. Sənədə əsasən kənd təsərrüfatı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün könüllü üzvlüyə əsaslanan birliyi olub, iştirakçıların iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi üçün yaradılan hüquqi şəxsdir. Kənd təsərrüfatı kooperasiyası isə müxtəlif təyinatlı kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının müştərək əməkdaşlıq sistemidir. Onu da bildirək ki,  ölkədə Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsi təsdiq edilib. Qeyd edək ki, artıq sözügedən proqramlara uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində "Sabirabad rayonu birlik istehsal kooperativi" yaradılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib. Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür. Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir.

Bəs, kənd təsərrüfatında kooperativləşməni zəruri edən nədir? Təcrübə göstərir ki, fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmir, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya sistemi qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır. Nəticədə belə fermerlərin bazar və ixrac yönümlü məhsul istehsalını təşkil etmək potensialı yüksək olmur. Kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər istehsal, emal, satış, eləcə də qanunla qadağan edilməyən başqa fəaliyyətlə məşğul üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipləri əsasında qurulan müəssisə çərçivəsində birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak və qarışıq növlü ola bilərlər.

Yeri gəlmişkən xatırladaq ki, dünyada ilk kənd təsərrüfatı kooperativi 1849-cu ildə Böyük Britaniyada yaradılıb. Sonrakı mərhələdə dünyanın bir çox ölkələrində müxtəlif təmayüllü kooperativlər yaradılması prosesi sürətlə genişlənərək kooperativ hərəkatı beynəlxalq xarakter aldıqdan sonra 1895-ci ildə Londonda dünya kooperativlərini özündə birləşdirən Beynəlxalq Kooperativ Alyansı yaradılıb. İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir. Kooperasiyaya çox böyük önəm verilməsinin nəticəsidir ki, 2012-ci il BMT tərəfindən "Kooperasiya ili" elan edilib. Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrinin hamısında kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşıb. Misal üçün, kənd təsərrüfatına yararlı torpaqları ölkəmizdən iki dəfə az olan Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları sahəsində əsas ixracatçı dövlətlərdən birinə çevrilib. Bu ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı kooperativlərdə birləşib.

Azərbaycanda isə kooperativləşmə ilə bağlı mənfi təy mövcuddur. Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev qeyd edib ki, kooperativləşməni kolxozların bərpası kimi qələmə verməyə cəhdlər göstərilir. Kənd təsərrüfatı kooperasiyasını sovetlər dönəmində mövcud olan kolxozlarla eyniləşdirmək doğru deyildir. Belə ki, kolxozlar sovet iqtisadi tələblərindən irəli gələrək məcburi şəkildə yaradılmışlar, dövlət tərəfindən maliyyələşdirilən sərt olan öhdəlikləri daşıyırdılar və ən başlıcası, bütün torpaqlar yalnız dövlət mülkiyyətində olduğundan şəxsi mülkiyyətə əsaslanmırdılar. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək olmaz. Kolxozdan fərqli olaraq kooperativlər üzvlərin tam könüllülüyünə və müstəqil sahibkarlığına əsaslanır. Yəni, fermer istədiyi vaxt əmlakını götürüb kooperasiyadan ayrıla da bilər, əmlakını və mülkiyyətini sata da bilər. Digər özəl təsərrüfat subyektləri kimi kooperativlər və onun üzvləri dövlət qarşısında yalnız vergi öhdəliyi daşıyırlar: "İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperasiyası təkcə istehsal prosesini deyil, eyni zamanda, məhsul istehsalında əvvəlki və sonrakı dönəmləri əhatə edir. Məsələn, fermerlər bir araya gələrək kollektiv təsərrüfat qururlar. Lakin əldə olan istehsal vasitələri lazımi səviyyədə deyil. Belə olan halda, fermerlər texniki, maddi və maliyyə ehtiyatlarını təmin etmək üçün başqa təsərrüfatlara, yəni, təchizatçı kooperativlərə müraciət edirlər. Kredit kooperativləri isə lazım olan maliyyə vəsaiti ilə təminata imkan yaradırlar. Bununla yanaşı, istehsal olunan məhsulun satışı və ya istehlakçıya çatdırılması fəaliyyəti ilə məşğul olan marketinq kooperativləri də mövcuddur. Satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətlər göstərirlər". Millət vəkili əlavə edib ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativləri XIX əsrin axırlarında Şamaxıda, Naxçıvanda, Gəncədə yaradılmışdır. Bu gün müasir tələblər çərçivəsində könüllülük prinsipi əsasında kooperativləşmənin bərpası, fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təşkilatlarında birləşmələri aqrar sahədə istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verə bilər: "Azərbaycanda kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlər yaratması kənd təsərrüfatında gəlirlərin artırılması, az xərclərlə böyük mənfəət əldə edilməsinə, kənd təsərrüfatı işçilərinin işinin effektivliyinə kömək edə bilər. Digər tərəfdən, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər. Bu mənada kooperasiyaların yaradılması bütün hallarda həm dövlətin, həm də fermer və kəndlilərin marağına uyğundur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31