Büdcədə neft qiymətinin 60 dollardan götürülməsi riskli ola bilərmi?
Dövlət büdcəsi layihəsi hazırlayarkən hansı amillər nəzərə alınıb? Karbohidrogen resursları ilə zəngin Azərbaycanda fiskal gəlirlər neft, neft məhsulları və qazın satışından əhəmiyyətli səviyyədə asılıdır.
20 Noyabr 2018 13:11 İqtisadiyyatDövlət büdcəsi layihəsi hazırlayarkən hansı amillər nəzərə alınıb?
Karbohidrogen resursları ilə zəngin Azərbaycanda fiskal gəlirlər neft, neft məhsulları və qazın satışından əhəmiyyətli səviyyədə asılıdır. Bu prizmadan yanaşdıqda dünya bazarlarında neftin qiymətinin dəyişməsi dövlətin maliyyə vəziyyətinin proqnozlaşdırılmasında əsas indikator hesab edilir. Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı. Bu şərtlər daxilində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il ərzindən Azərbaycan Respublikasının payına düşən karbohidrogen satışından əldə edəcəyi xalis gəlirlər 9,724 milyard manat , dövlət büdcəsinə neft sektorundan daxil olan vergi gəlirləri isə 1,88 milyard manat həcmində proqnozlaşdırılıb. Beləliklə neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi ötən illə müqayisədə artaraq 55,1% olub. Müşahidələr onu deməyə əsas verir ki, hazırda qlobal neft bazarlarında mövcud konyuktur Azərbaycanın xeyrinə dəyişməkdədir. Brent markalı neftin bir barrelinin qiyməti 70-75 ABŞ dolları intervalında dinamika nümayiş etdirir. Ümumilkdə isə 2018-ci ilin yanvar-mart aylarında brent markalı neftin bir barreli üçün orta qiymət 66,8 ABŞ dolları olub.
2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur. Ekspertlər isə neft qiymətlərinin kəskin düşə biləcəyini proqnozlaşdırırlar. Bu halda 2019-cu il büdcəsi üçün neft qiymətlərinin 60 dollardan götürülməsi riskli ola bilərmi? Qeyd edək ki, maliyyə naziri Samir Şərifov deyib ki, 2019-cu il üçün dövlət büdcəsi layihəsini hazırlayarkən Maliyyə Nazirliyi yalnız neft bazarındakı vəziyyəti deyil, həm də bir sıra digər amilləri nəzərə alıb: "2019-cu və gələn 3 il üçün (2020-2022-ci illər) dövlət büdcəsi layihəsini hazırlayarkən sadəcə neftin qiymətinin stabilləşməsi, hətta artımını deyil, həm də digər amilləri nəzərə almaq lazımdır". Onun sözlərinə görə, xüsusilə, regional amilləri diqqətdə saxlmaq lazımdır, çünki qonşu dövlətlərin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsinin dəyişməsi Azərbaycanın ixrac potensialına mənfi təsir göstərir. Bununla belə, nazir dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ilə yanaşı, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirlərini də istisna etməyib. Söhbət ondan gedir ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Nəticədə, bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir: "Hesab edirəm ki, bu rəqəm riskli deyil. Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır". Deputat qeyd edib ki, bu il üçün neftdən büdcəyə daxil olan əlavə gəlirlər kifayət qədər olacaq: "2018-ci il neftin 1 barelinin qiyməti 45 dollardan götürülmüşdü. İlin sonunda əlavə gəlirlə bağlı rəqəm bəlli olacaq. Toplanan vəsait də Dövlət Neft Fondunun ehtiyat fonunda transfer olunacaq ki, bu da lazımi məqamlarda istifadə olunacaq. Mənim fikrimcə neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olamayacaq".
İqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, öncədən proqnozlaşdırığımız kimi, Brent markalı neftiin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edir. Birjalarda qara qızılın hər barelinə 69.40 dollar ödənilir. Şist neftinin hasilatının artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ Prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib. Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Jim Cramer CNBC kanalına müsahibəsində Texas markalı neftin hər barelinin qiymətinin 40, Brent markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb. Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir. Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da hətta tərəfdaşları tərəfindən də tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmaza o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarıcı şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər.
Alim