Yağ, un və şəkər tozu nə üçün strateji məhsul sayılır?
Ölkədə şəkər ixracı həcminin artırılmasına şərait yaradılacaq
5 Noyabr 2018 13:23 İqtisadiyyatÖlkədə şəkər ixracı həcminin artırılmasına şərait yaradılacaq
Ötən həftə "Azərsun Holdinq" bir qrup KİV nümayəndəsi üçün İmişli Şəkər Zavoduna media tur təşkil etdi.
Səfər çərçivəsində jurnalistlər zavodda görülən işlər, əkin sahələrində tətbiq edilən yeniliklərlə tanış oldu. Media nümayəndələri məlumatlandırıldı ki, şəkər çuğunduru istehsalında rentabelliyi qorumaq, daha çox sahibkarların bu sahəyə marağının artırılmasına xidmət etmək üçün "Azərsun Holdinq" şəkər çuğundurunun alış qiymətini artırıb.
Prezident İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, o cümlədən zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun yerli xammal hesabına təmin edilməsi istiqamətində verdiyi tapşırığa uyğun olaraq uğurlu layihələr həyata keçirilir.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq "Azərsun Holdinq" İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən-ilə genişləndirilir. Xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xammal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılıb. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılıb. Şəkər çuğunduru əkinçiliyinin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Şəkər İstehsalat Birliyi" tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu göstəricinin ildən-ilə daha da artmasını təmin edir.
Səfər çərçivəsində jurnalistlər üçün keçirilən mətbuat konfransında "Azərsun Holdinq"-in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov, "Azərbaycan Şəkər İstehsalat Birliyi"nin baş direktoru Mehran Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev də iştirak edib.
Afiq Səfərov bildirib ki, ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq "Azərsun Holdinq" İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən ilə genişlənir:
"Xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xam mal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılıb. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılıb. Bu günlərdə "Azərsun Holdinq" tərəfindən şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verilib. Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa hər ton üçün əlavə 2 manat ödəniləcək və bir ton üçün maksimal ödəniş məbləği 72 manata çatdırılacaq. Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma və modernizasiya işlərinin aparılması nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq".
Aydın oldu ki, şəkər istehsalı Azərbaycan iqtisadiyyatının çox vacib bir hissəsi sayılmaqla strateji bir istehsal növüdür. Bunun nəticəsində dövlətimiz kənd təsərrüfatına, aqrar sektora çox böyük diqqət göstərir.
Konfransda çıxış edən Mehran Məmmədov bildirib ki, kənd təsərrüfatı insanların məşğulluğunda, büdcə gəlirlərinin artmasında, dövlətimizin hərtərəfli güclənməsində mühüm rol oynayır:
"Dövlət ortaya xüsusi bir strategiya qoyub ki, idxaldan daha az asılı olmağımız üçün ölkədə öz məhsullarımızı daha çox yetişdirməliyik, bazarımızı, iqtisadiyyatımızı gücləndirmək üçün bölgələrdə insanlarımızın məşğulluğu təmin edilməlidir və milli məhsullara tələbat artmalıdır ki, dünya bazarlarına öz məhsullarımızı kütləvi şəkildə ixrac edə bilək. Şəkər çuğunduru da elə bir bitki növüdür ki, bu aqrar-sənaye kompleksində emal olunan bir məhsul sayılır. Bu bitki çox strateji və iqtisadiyyatımız üçün vacib olan bir məhsul sayılır. Çünki bu bitkidən çox önəmli bir hazır məhsul-strateji, qida təhlükəsizliyimizə müsbət yöndə böyük təsir edən şəkər tozu əldə edilir. Bəziləri üçün şəkər tozu adi gələ bilər, amma yağ, un və şəkər tozu strateji məhsul sayılır"
Məlum oldu ki, həm kənd təsərrüfatı, həm də istehsalat tərəfini nəzarətdə saxlayan "Azərbaycan Şəkər İstehsalat Birliyi" üçün əsas məsələ yerli mülkiyyətçilərdir. Yəni şirkət yerli mülkiyyətçilərlə müqavilələr bağlayaraq ilboyu həmin şəxslərə-mülkiyyətçi, fermerlərə şəraitlər yaradır, dəstək göstərərək şəkər çuğundurunun becərilməsinə nail olur. Bu bitkilər isə zavodda emal olunaraq strateji məhsul sayılan şəkər tozu istehsal edilir. Şəkər tozundan isə bir sıra müxtəlif digər vacib məhsullar-kəlləqənd növləri, kub şəkər növləri istehsal edilir.
Mehran Məmmədov qeyd etdi ki, hazırda zavodda istehsal olunan şəkərlə Azərbaycan bazarını təmin etməkdən savayı, ixrac potensialı da var:
"Zavodun məhsulları Orta Asiya ölkələrinə də ixrac edilir. Hazırda əkinçilik fəaliyyəti ilə yüz minə yaxın insan məşğul olur. Bu böyük bir rəqəmdir, böyük məşğulluq sahəsidir. Zavoda geniş yatırımlar qoyulub ki, zavodun məhsuldarlığı yerli məhsula görə iki dəfə böyüsün və buna da nail olunub".
Bəs zavod xammalı yerlərdə necə əldə edir?
Aydın oldu ki, yerli fermerlərlə bağlanan müqavilə var ki, bu da mühüm əhəmiyyət kəsb edir. Çünki əməkdaşlıq edilən fermerlər üçün bu müqavilə və bu sahəylə məşğuliyyəti əhəmiyyətli edən amillər var. Önəmli məsələ budur ki, əkinçi, yerli fermer əmin olur ki, onun malını alacaqlar, zavod 100 % onun əkdiyi bitkinin bəlli bir qiymətdə alıcısıdır. Yəni digər bitkiləri əkən fermerlərdən fərqli olaraq o gedib bazar axtarmır, eləcə də kimlərləsə qiymət razılığı ilə bağlı vaxt itirmir. Risklər çox aşağı səviyyədədir, bitkini əkən fermer düşünmür ki, görəsən mən bu məhsulu sata biləcəyəmmi, uyğun qiymət olacaq, ya qiymətlər dəyişəcək, düşəcəkmi, tələbat azalacaqmı?
Bəs şəkər çuğunduru əkmək üçün ən böyük stimullaşdırıcı səbəb nədir?
Baş direktor deyib ki, fermerlərimiz hər zaman rahat, arxayın şəkildə bilirlər ki, əkdikləri bitki becərilib qurtardıqdan sonra zavoda təhvil veriləcək. Bu şəkər çuğunduru əkmək üçün ən böyük stimullaşdırıcı səbəbdir:
"Zavod müqavilə bağlanan andan, hətta torpaq seçimindən başlayaraq ən son prosesə kimi mülkiyyətçinin yanındadır. Yəni biz daim mülkiyyətçilərlə işlərimizi davam etdiririk, əlaqələri kəsmirik. İlk öncə torpağın seçimində yardım edirik. "Azərbaycan Şəkər İstehsalat Birliyi"nin böyük bir aqrar departamenti var ki, burada da ölkəmizin təcrübəli mütəxəssisləri, əsasən də şəkər çuğunduru ilə bağlı sahəni dərindən bilən mütəxəssislər yığışıblar. Yəni aqronomumuz düzgün torpaq seçimini, daha sonra torpaq hazırlıq işlərinin necə aparılmasını məsləhət verir. Daha sonra zavodla bağlanan müqavilə əsasında biz mülkiyyətçiyə lazım olan toxumdan tutmuş gübrə, pestisid, dərmanlar veririk. Bütün proses boyu, şəkər çuğundurunun vegetasiya dövrünün sonuna kimi bizim aqronomlar daim mülkiyyətçilərlə əlaqədə olub öz yardımlarını edirlər".
Qeyd edək ki, şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib. İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şəarait yaradılmışdır. İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır. Melas istehsalından həmçinin yüksək keyfiyyətli 95-96 % etanol spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır. Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımında böyük rol oynayıb, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsinə müstəsna rolu vardır.
Əməyin təşkili və təhlükəsizliyi, habelə ətraf mühit və ekologiyanın qorunması məsələlərində Azərsun Holdinqə aid digər müəssisələrdə olduğu kimi, Azərbaycan Şəkər İstehsalat Birliyində də beynəlxalq qəbul olunmuş müvafiq standartlar, ölkə qanunvericiliyi və Holdinq daxili normativ tələblər əsas götürülməkdədir...

Nigar Orucova
Bakı- İmişli-Bakı