Mülkiyyət hüququnun tanınması prosesi sadələşdirilir

Artıq arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmayacaq

Müasir dövrdə daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı aktuallıq kəsb edən məsələlərdən hesab olunur. Elə bu səbədən də mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınması vacib şərtlərdəndir. Ancaq bütün hallarda mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. O da faktdır ki, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alına bilər. Xatırladaq ki, ölkədə aşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Bəs daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hansı əsaslar tələb olunur? Ölkə qanunvericiliyən əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Hazırda isə Azərbaycanda vətəndaşların mülkiyyət hüququnun tanınması prosesinin sadələşdirilməsi istiqamətində mühüm addımlar atılmqdadır. Artıq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub- olmadığının onlayn rejimdə müəyyənləşdirmək mümkün olacaq. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi və Milli Arxiv İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda daşınmaz əmlaka dair arxiv sənədlərinin elektron informasiya sistemləri vasitəsilə əldə edilməsi, tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına inteqrasiyanın təmin olunması, o cümlədən birgə layihələrin reallaşdırılması əksini tapır. Artıq bununla arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir. DƏDRX-in rəisi Hikmət Mustafayev bildirib ki, bütün bunlar iki qurum arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq: "Onlayn əlaqənin qurulmasında məqsəd daşınmaz əmlaka çıxarış almaq üçün arxiv sənədlərinin operativ qaydada əldə edilməsinə, qeydiyyatla bağlı əməliyyatlarda arxiv arayışların sürətli şəkildə alınmasına, nəticə etibarı ilə vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Həmçinin tərəflər arasında məlumat mübadiləsinin vahid baza əsasında həyata keçirilməsinin təmin edilməsidir. Görülən işlərin nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz daşınmaz əmlakın qeydiyyatı sahəsi üzrə 4 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan bir neçə Avropa ölkələrini, o cümlədən Polşanı, Rumıniyanı, Bolqarıstanı qabaqlayıb". O, həmçinin deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ƏMDK daşınmaz əmlakın qeydiyyatında sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq əhaliyə göstərilən ictimai xidmətləri maksimum sadələşdirir, prosedurları optimallaşdırır, o cümlədən müasir dövrün tələblərinə uyğun yeniliklər tətbiq edir, intensiv elektronlaşmanı həyata keçirir: "Bu baxımdan imzalanan memorandum vətəndaşların qeydiyyat xidmətlərindən daha rahat və sadə şəkildə yararlanmasına şərait yaradacaq. Həmçinin memorandum iki qurum arasında əlaqələrin genişlənməsinə, sənəd dövriyyəsində çevikliyin artmasına imkan verəcək. Diqqətə çatdırılıb ki, vətəndaşlar qeydiyyat üçün tələb olunan sənədin arxivdə olub olmamasını müəyyən etmək üçün müvafiq idarəyə getməli olurdular. Bununla bağlı olaraq Xidmətin ərazi idarələri tərəfindən müvafiq arxiv idarələrinə sorğular göndərilir, onların arxiv əsasının olub-olmaması məsələsi aydınlaşdırılırdı. Artıq Komitə ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması vətəndaşların bu məsələsini onlayn olaraq yerinə yetirir. Vətəndaşlar sadəcə ərazi idarələrinə müraciət edir, həmin ərzi ofisləri vahid elektron informasiya sisteminə inteqrasiya olmaqla sənədlərin arxivini yoxlayırlar. Bununla da həm vətəndaşların vaxt itkisi olmur, həm də kağız üzərində yazışmalar aradan qaldırılır". O,vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində tətbiq olunan bəzi yeniliklər də diqqətə çatdırıb. Qeyd edib ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron qaydada verilməsi, çıxarışların 1 iş günü müddətində alınması, yüklülük haqqında arayışların notariuslar tərəfindən onlayn qaydada əldə olunması, vətəndaşların işini xeyli sadələşdirib. Həmçinin notariusların daşınmaz əmlaka dair alqı-satqı müqavilələrini təsdiqlədikdən sonra onları elektron üsulla daşınmaz əmlakın dövlət reyestrinə göndərməsi bu amala xidmət edən yeniliklərdəndir. Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov isə xidmətlər sahəsində innovativ layihələrin icrasında ƏMDK ilə əməkdaşlığın önəmini diqqətə çəkib.O, bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərdə əlçatanlığın artırılmasına yönəlib. Bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində atılan addımlardan biri arxivlərin elektronlaşdırılması olub. Hazırda arxiv sənədlərinin vahid qovluq sisteminə uyğun yığılması, skan edilməsi tam başa çatdırılıb. Sənədlərin rəqəmlaşdırılması istiqamətində isə işlər davam etdirilir. Ümumilikdə 2,5 mln.-a yaxın daşınmaz əmlaka dair sənədlər mövcuddur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31