Fermerlər niyə güzəştli şərtlərlə gübrə ala bilmirlər?

Seymur Mövlayev: " Aqrolizinq" gübrə idxalı vəzifəsini özəl sektora vermək niyyətindədir"

Ölkədə aparılan iqtisadi islahatlar kənd təsərrüfatı sahəsindən də yan keçməyib. Hazırda kənd təsərrüfatında istehsal olunan məhsulun həcminin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması yönündə bir sıra davamlı tədbirlər həyata keçirilir. Burada başlıca məqsədlərdən biri də ölkə əhalisinin keyfiyyətli ərzaqla təmin olunmasıdır. Kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər nəticəsində bu sahədə müəyyən irəliləyişlərə nail olunub. Məlum olduğu kimi aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir. Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib.  Dünya Bankının məlumatlarına əsasən bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.Kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib. Statistik məlumata görə, bu ilin  9 ayında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb. Lakin sadalanan faktlarla yanaşı, kənd təsərrüfatının  dinamik inkişafını təmin etmək sahəsində özünəməxsus çatışmazlıqlar var. Xüsusən, fermerlərə keyfiyyətli gübrələrin vaxtında və sərfəli qiymətə çatdırılması məsələsi tüz-tez gündəmə gəlir. Fermerlərin güzəştli şərtlərlə gübrə ala bilməməsinin əsas səbəblərindən biri kimi torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərinin olmaması göstərilir. Ekspertlərin qənaətinə görə, fermerlər ilk növbədə tələb olunan sənədləri qaydaya salmalı, yalnız bundan sonra güzəştli gübrə almaq üçün "Aqrolizinq" ASC-yə müraciət etməlidirlər.

"Aqrolizinq" ASC-nin sədri Seymur Mövlayev bildirb ki,  "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətindədir. Son günlər gübrə bazarında yaranan problemlər barədə danışan "Aqrolizinq" ASC-nin sədri deyib ki, hazırda ölkəyə gübrə idxalının əksər hissəsini özəl şirkətlər həyata keçirir və "Aqrolizinq" güzəştli qiymətlərlə fermerlərə satdığı gübrəni əksər hallarda özəl şirkətlərdən alır: "Özəl şirkətlərin ölkəyə gübrə gətirməsində aktivlik göstərməməsi nəticə etibarilə müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Biz "Aqrolizinq" olaraq tədricən gübrə bazarını özəl şirkətlərin ixtiyarına verməyə hazırlaşırıq. Şirkətlərə göstərdiyimiz bu münasibət onların bazarda mövqelərini gücləndirmək üçün stimul rolunu oynamalıdır". Seymur Mövlayev "Aqrolizinq" xətti ilə gətirilən gübrənin qara bazarda baha satılması xəbərlərinə də münasibət bildirib: "Bununla bağlı vətəndaşlardan "Çağrı Mərkəzi"mizə daxil olan müraciətlərin hamısı dərhal daxili nəzarət şöbəmizin əməkdaşları tərəfindən araşdırılır. Əksər hallarda məlum olur ki, vətəndaş bizdən 70 faiz güzəştlə aldığı gübrəni torpağa vermək əvəzinə anbarda saxlayır və bazarda tələbat artan zaman baha qiymətə satır. Nəticə etibarilə cəmiyyətdə "Aqrolizinq" gübrəni fermerlərə güzəştli qiymətlərlə satmaq əvəzinə bazarda satdırır" kimi yanlış fikirlər formalaşır. Təəssüf ki, vətəndaşların gübrəni güzəştli qiymətlərlə alaraq, bazar qiymətinə satmasının qarşısını almaq üçün hər hansı bir mexanizm yoxdur."

Seymur Mövlayev hər il ölkədə mineral gübrələrə ehtiyacın artdığını nəzərə çatdırıb: ""Aqrolizinq" tərəfindən Azərbaycana 2016-cı ildə 26,8 milyon manat dəyərində 73 min ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton, bu il isə 106,07 milyon manat dəyərində 175 min ton müxtəlif növ mineral gübrələrin gətirilməsi üçün müqavilələr bağlanıb. Bu günə kimi artıq 146 min ton gübrə gətirilərək fermerlərin müraciəti əsasında 70 faiz güzəştlə onlara verilmişdir. Gördüyünüz kimi tələbat hər il artır, bu səbəbdən bəzən ehtiyacların qarşılanmasında problemlərin yaranması təbiidir. Amma yenə də qeyd etmək istəyirəm ki, "Aqrolizinq" bu bazarda tək deyil, bizimlə eyni zamanda gübrə bazarında özəl şirkətlər də var. Biz gübrə idxalı məsələsini tam şəkildə özəl şirkətlərə həvalə etməklə onların ölkəyə gübrə gətirilməsində marağını daha da artırmış olarıq"."Aqrolizinq" rəhbəri özəl şirkətlərin təkcə bu il ölkəyə 145,7 min ton gübrə idxalı həyata keçiridiyini qeyd edib: "Göründüyü kimi, gübrəyə olan tələbatın ödənilməsi üçün ölkəyə dövlət və özəl sektor xətti ilə kifayət qədər mineral gübrə gətirilib. Bu baxımdan gübrə çatışmazlığı ilə bağlı söhbətlərin ciddi əsası yoxdur. Araşdırmalarımız göstərir ki, bəzi hallarda fermerlər dövlətin gübrəni onlara pulsuz verməli olduğunu düşünürlər. Elə hallar da var ki, fermer güzəştli gübrə almaq üçün lazım olan sənədləri təqdim etmir. Gübrənin güzəştli qiymətlərlə satılması üçün tələb olunan sənədlər var, bu sənədləri təqdim edən şəxslər heç bir problem olmadan dövlətin güzəşt siyasətindən yararlana bilərlər".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31