Regional proqramlar İKT sektorunun inkişafına da təkan verib
31 Oktyabr 2018 16:03 İqtisadiyyatArtıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə zəmin yaradıb desək yanılmarıq. Ötən illər ərzində hər bir sahədə nəzərə çarpan müsbət dəyişikliklər, irəliləyiş və inkişaf belə deməyə əsas verir. İstər sosial, istər iqtisadi, istərsə də mədəni, təhsil və səhiyyə sahələrində əldə edilən uğurların əsas hərəkətverici qüvvəsi rolunu məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları oynayır.
Hər bir Dövlət Proqramı kimi icrası başa çatmaqda olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da öz uğurlu nəticələri ilə yadda qalmaqdadır. Bu proqramların üstün cəhətlərindən biri də ondan ibarətdir ki, sözügedən sənədlər məhdud bir sahə ilə ölçülmür. Dövlət Proqramlarında hər bir sahənin inkişafı özünü əks etdirir, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, addımlar atılır. Bu sahələrdən biri də informasiya kommunikasiya texnologiyaları sahəsidir ki, hazırda icrası başa çatmada olan bu Dövlət Proqramının icrası müddətində Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində kifayət qədər tədbirlər həyata keçirilib, işlər görülüb. Elə sözügedən Dövlət Proqramı qəbul edilərkən də sənəddə nəzərdə tutulurdu ki, 2014-2018-ci illərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Bu sahədə qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlər sırasında regionlarda inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, informasiya və kommunikasiya xidmətlərinin daha da genişləndirilməsi, regionlarda əhalinin İKT sahəsində bilik və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, regionlarda televiziya yayımı keyfiyyətinin daha da yüksəldilməsi özünü ehtiva edirdi.
Elə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi bir növ 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına dəstək xarakteri daşıyırdı desək yanılmarıq.
Buna görə də ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdi. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) hazırlanmışdır.Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdu. Milli Strategiyanın "elektron hökumət"in inkişafı" istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdi.
Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdü. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılırdı.
Dövlət Proqramının məqsəd və vəzifələrinə gəlincə isə Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.
Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması. Ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi. Rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji transferin təmin olunması. Yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların, biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması. İnformasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması. Yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və "start-up" layihələrinin dəstəklənməsi;
Ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi. Cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması.
Bundan başqa informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi, milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və əhalinin ondan istifadəsinin genişləndirilməsi, informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar-vətəndaş tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi proqramda nəzərdə tutulan məqsəd və vəzifələr sırasında yer alırdı.
Gözlənilən nəticə isə bundan ibarətdir ki, ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq. Sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq. Əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq. İnformasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq.
Həmçinin ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək, ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq, İKT sahəsinin sürətli inkişafında xarici və yerli investisiyaların, o cümlədən vençur maliyyələşmənin payı artırılacaq. Bundan başqa yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək. Yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir