Hansı sənədlə mülkiyyət hüququ əldə etmək mümkündür?

Son vaxtlar bələdiyyələr tərəfindən mülkiyyət hüququ olmayan vətəndaşlardan da əmlak vergisinin tələb edilməsi hallarına rast gəlinir. Məsələnin ciddiliyi o həddə çatıb ki, artıq vətəndaşlarla yerli özünüidarə orqanları arasında yaranan mübahisə məhkəmələr səviyyəsinə çatıb.

Son vaxtlar bələdiyyələr tərəfindən mülkiyyət hüququ olmayan vətəndaşlardan da əmlak vergisinin tələb edilməsi hallarına rast gəlinir. Məsələnin ciddiliyi o həddə çatıb ki, artıq vətəndaşlarla yerli özünüidarə orqanları arasında yaranan mübahisə məhkəmələr səviyyəsinə çatıb.  Millət vəkili Fazil Mustafa da parlamentdə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna dəyişikliklər barədə çıxışı zamanı sözügedən məsələyə toxunub. Bildirib ki, bəzi hallarda  bələdiyyələr mənzil sahiblərindən qanunsuz olaraq əmlak vergisi tələb edirlər: "Mənzilin pulunu ödəmişəmsə, mənə mülkiyyət hüququ olan sənəd verilsin, mən də əmlak vergisi ödəyim. 500 mindən artıq özəlləşdirilməyən evlərlə bağlı da nəhayət, addım atmaq lazımdır. Artıq insanlar yaşayır, onları küçəyə tökə bilməyəcəksiniz ki. Neft kəmərinin üstündə, dəmir yoluna yaxın ərazidə deyilsə, o evlər də özəlləşdirilməlidir. Bunun əvəzində dövlət də əlavə vəsait əldə edə bilər". Millət vəkili bildirib ki, çoxmənzilli binalarda yaşayanlar əmlak vergisini ödəsələr, bələdiyyələr kifayət qədər gəlir əldə edər: "Yeni çoxmənzilli binalarda yaşayanlar əmlak vergisi ödəmirlər. Çünki bina təhvil alınmış hesab edilmir. Vətəndaş mənzildə yaşayırsa, bu onun mülkiyəti hesab edilirsə, ona mülkiyyət sənədi verilməlidir. Bələdiyyənin imkanını genişləndirmək, pul qazanmasını istəyiriksə, bütün binalarda yaşayanlara mülkiyyət sənədləri verilməlidir. Hər mənzil sahibi 100 manat ödəsə, təsəvüvr edin bələdiyyələr nə qədər qazana bilər. Bu insanlar həmin evlərdə yaşayır, onları küçəyə tökməyəcəyik ki?" Bəs, qanunvericilikdə mənzillərdən vergitutma qaydası necə təsbit olunur?

Vergilər Nazirliyindən bildirilib ki, 2016-cı ildən Azərbaycanda mənzil alqı-satqısı ilə bağlı qaydalara edilən dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslər üzrə vergitutma bazası genişləndirilib. Belə ki, Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 2016-cı il yanvarın 1-dən sadələşdirilmiş vergiyə cəlb olunur və notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Mənzil alqı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergini ödəməlidirlər. Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalara uyğun əmsallar tətbiq edilir. Bu zaman yerli notariuslar tərəfindən hesablanmış vergilər mənzilini satışa çıxaran mülkiyyətçinin hesabından tutularaq büdcəyə ödənilir.

Yaşayış sahələrinin, yəni mənzillərin alqı-satqısı üçün tələb olunan ilkin sənəd mülkiyyətin faktiki və gələcək sahibi arasında bağlanmış alqı-satqı müqaviləsidir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün zəruri olan sənədlər bunlardır: əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış); əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış; mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnaməsi; daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı; yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı. Alqı-satqı müqaviləsinin imzalanması prosesində satışa çıxarılan əmlakın mülkiyyətçisi və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi ilə alıcı və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi iştirak etməlidir. Mənzilin alğı-satqısına dair müqavilə imzalanarkən aşağıdakı qaydada və məbləğdə dövlət rüsumu və xidmətə görə haqq ödənilməlidir: müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - dövlət rüsumu 20 manat, xidmətə görə tutulan haqq 3 manat;  müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə - dövlət rüsumu Bakı şəhərində 250 manat, xidmətə görə tutulan haqq 37,5 manat, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 175 manat, xidmətə görə tutulan haqq 26,25 manat, digər şəhər və rayonlarda dövlət rüsumu 125 manat, xidmətə görə tutulan haqq 18,75 manat. Yaşayış sahələrinin alğı-satqısı zamanı tələb olunan dövlət rüsumları da hesablanmış vergilərdə olduğu kimi, notariuslar tərəfindən tutulur. Mənzilini barter üsulu ilə dəyişmək istəyənlər də eyni qaydada sənədləri toplamaqla müvafiq prosedurlardan keçməli və yuxarıda göstərilən məbləğlərdə dövlət rüsumu və xidmət haqqı ödəməlidirlər. Mülkiyyətində olan mənzili yaxın qohumuna bağışlayanlar da Mülki Məcəllənin 146-cı maddəsində nəzərdə tutulan prosedurlardan keçməklə lazım olan sənədləşməni həyata keçirə bilərlər. Qanunvericiliyin bu tələbinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi yalnız notariat qaydasında təsdiqləndikdən sonra etibarlı hesab olunur. Yaxın qohumun adına olan ev notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında digər yaxın qohuma bağışlana bilər. Həmin ev üzərində mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində qeydiyyata alınır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31