Sahibkarlar niyə maarifləndirilmir?

Son dövrdə sahibkarların yeni problemlə üzləşdikləri bildirilir. Belə ki, iş adamlarının mal idxalı üçün xaricə köçürdükləri pul vəsaitinin 20 faiz miqdarında cərimə olunduqları iddia edilir.

Son dövrdə sahibkarların yeni problemlə üzləşdikləri bildirilir. Belə ki, iş adamlarının mal idxalı üçün xaricə köçürdükləri pul vəsaitinin 20 faiz miqdarında cərimə olunduqları iddia edilir. İqtisadçı ekspert Əkrəm Həsənov məsələyə ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, formal səbəb, köçürmədən sonra malın 270 gün ərzində Azərbaycana idxal edilməməsidir. Onun sözlərinə görə, bu halda pulu köçürmüş bank Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir,  Palata da 48 saat ərzində protokol tərtib edərək rayon məhkəməsinə müraciət edir: "Məhkəmə də öz növbəsində sahibkarı cərimələyir. Bir sıra halda sahibkarın bundan heç xəbəri də olmur. Xəbəri olanda, apellyasiya şikayəti verir, lakin əksər hallarda cərimə qərarı qüvvədə qalır. Halbuki, bir çox hallarda mal əslində vaxtında idxal edilmiş olur, sadəcə nə bank, nə Palata, nə də məhkəmə məsələni tam araşdırmır. Bəzən isə malın 270 gündən sonra idxalında sahibkarın təqsiri olmur. Lakin təqsir məsələsini ümumiyyətlə xatırlayan belə olmur. Beləliklə də, Palata kütləvi şəkildə əsassız olaraq idxalçı sahibkarları cərimələyərək dövlət büdcəsinə öz töhfəsini verir. Məlum olduğu kimi, iqtisadi cəhətdən plansız, hüquqi cəhətdən isə savadsız fəaliyyət göstərən Palatanın indiyə qədərki işinin nə cəmiyyətimizə, nə də maliyyə sektorumuza ciddi xeyri olmayıb, əksinə, ziyanı olub. Odur ki, lazımlığını dövlət büdcəsini doldurmaqla sübut etməyə çalışır. Bu əsnada sahibkarlığa zərər vurmasının isə fərqində belə deyil. Halbuki dövlət başçısı sahibkarlığın inkişafı və müdafiəsini əsas prioritetlərdən biri kimi müəyyən edib.
Məsələ olduqca ciddidir və qanunsuzluq və savadsızlıq baş alıb gedir. Sahibkarlar birləşərək bu məsələnin köklü olaraq həll edilməsinə çalışmalıdırlar. Böyük ehtimalla Konstitusiya Məhkəməsində". Ekspert deyir ki, sahibkarlara qarşı sözügedən cərimə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tətbiq edilir: "Həmin maddədə deyilir: "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir". Bütövlükdə bu inzibati xəta tərkibi İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərinə ziddir. Belə ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Sahibkar xaricə mal üçün pul ödəyirsə, onun qaytarılmamasında təqsirli ola bilməz. Çünki pulu o deyil, onun xarici kontragenti qaytarmalıdır. Elə malı da məhz xarici kontragent göndərməlidir. Beləliklə, bu əməldə yerli sahibkarın təqsiri ola bilmədiyi üçün onun inzibati məsuliyyətindən də söhbət gedə bilməz. Buna görə də Məcəllənin sözügedən maddəsinin (430.4-cü) qanuniliyi məsələsi Konstitusiya Məhkəməsi qarşısında qaldırılmalıdır.
Əlbəttə, ola bilər ki, yerli sahibkar əslində xarici kontragenti ilə əlbirdir və vəsaiti qəsdən ölkədən çıxarıblar və aralarında real mülki əqd yoxdur. Yəni məqsəd çirkli pulların yuyulmasıdır. Lakin bu, artıq cinayətdir və sübut olunarsa, təbii, cəzalandırılmalıdır. Əslində, bizim qanunvericimiz sözügedən inzibati xəta tərkibini Rusiyanın analoji Məcəlləsinin 15.25-ci maddəsinin 5-ci bəndindən götürüb. Fərq yalnız müddətin (yəni köçürmədən sonra malın idxalı müddətinin) açıqlamasındadır (dəqiqləşdirilməsindədir). Ruslar bunu "Valyuta tənzimi və valyuta nəzarəti haqqında" Qanunlarının 19-cu maddəsində edir və deyirlər ki, söhbət xarici kontragentlə bağlanan müqavilədən gedir. Bizdə isə açıqlama Mərkəzi Bankın təsdiqlədiyi "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü bəndində verilir: 270 gün. Bu zaman Mərkəzi Bank hətta İnzibati Xətalar Məcəlləsinin sözügedən 430.4-cü maddəsinə istinad da edir. Halbuki, əslində Mərkəzi Bankın buna səlahiyyəti yoxdur. Düzdür, "Valyuta tənzimi haqqında" Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi qaydada aparılır. Lakin, əvvəla, Mərkəzi Bankın həmin Qaydaları, normativ xarakterli aktdır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 1.0.3-cü maddəsinə əsasən normativ xarakterli akt yalnız məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir. Konkret olaraq Mərkəzi Banka gəldikdə, yalnız kredit təşkilatları üçün. Yəni Mərkəzi Bankın digər şəxslər, o cümlədən sahibkarlar üçün qaydalar müəyyən etmək səlahiyyəti yoxdur. Buna görə də 270 günlük və ya digər müddəti Mərkəzi Bank müəyyən edə bilməzdi. Həmin müddət yalnız qanunla, Prezident fərmanı və ya Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilə bilər.
Digər tərəfdən isə Mərkəzi Bankın ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsindəki "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" dispozisiyası üzrə "müəyyən edilmiş müddətlərdə" ifadəsinə açıqlama (dəqiqləşdirmə) vermək səlahiyyəti yoxdur. Belə ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Prezident Fərmanında sözügedən səlahiyyət heç kəsə həvalə edilməyib. Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi, bizdə də əslində söhbət məhz tərəfər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş müddətlərdən gedir. Bu həmçinin maddədə "müddət" deyil, "müddətlər"in vurğulanmasından bəlli olur. Yəni müqavilələrdə təsbit edilən müddətlər. Mərkəzi Bank isə bir neçə deyil, bir müddət müəyyən edib. Xaricə pul köçürməsi üzrə malın idxalı müddətinin müqavilədən asılı olması ən məntiqli yanaşmadır. Çünki hər bir konkret halda müddət işin hallarından asılıdır. Mal var ki, artıq hazırdır və onun idxalına cəmi 1-2 ay lazımdır (məsələn, pal-paltar). Mal var ki, hazırlanması illər çəkə bilər (məsələn, mürəkkəb avadanlıq). Rusiyada olduğu kimi, bizdə də bank məhz həmin müddəti rəhbər tutaraq Palataya məlumat verməlidir. Müqavilədəki müddət banka şübhəli olaraq çox uzun görünsə isə, o, çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində Maliyyə Monitorinq Xidmətinə məlumat verməlidir.
Buna görə də Mərkəzi Bankın sabit müddət olaraq 270 gün müəyyən etməsi tamamilə əsassız və qanunsuzdur. Yeri gəlmişkən, Mərkəzi Bank özü bank nəzarətini həyata keçirəndə, müddəti 360 gün müəyyən etmişdi və məsələyə heç ciddi nəzarət də etmirdi. İndi isə müddəti azaldaraq, həm Palatanı yükləyib (və sahibkarların qarşısında üzüqara edib), həm də sahibkarlar üçün xeyli problem yaradıb.
Mərkəzi Bankın rəsmilərindən soruşanda ki, niyə belə etmisiz, deyirlər ki, qoy sahibkarlar avans ödənişi etməsin, nə bilim, bank qarantiyası və ya akkreditivlə ödəniş etsinlər. Başqa sözlə, ölkənin baş bankı qəsdən sahibkarların xərclərini artırmaq istəyir. Bu da ən pis halda isə sahibkarları biznessiz qoymaq istəyir, çünki elə xarici kontragent ola bilər ki, mütləq avans tələb edir. Bu halda zavallı sahibkarlar nə etsin? Bəlkə elə birdəfəlik könüllü olaraq bizneslərini Mərkəzi Bankın rəhbərliyinə bağışlayıb çıxıb getsinlər?! Sözügedən inzibati xəta tərkibinin boşluqlarından biri də minimal məbləğin müəyyən edilməməsidir. Buna görə də təcrübədə sahibkarlar bəzən cüzi məbləğlərə görə də cərimələnir: məsələn, 200 dollar (cəriməsi 40 dollar təşkil edir). Halbuki, istənilən fiziki şəxs xaricə səbəbini göstərmədən gündə 1000 dollar, ay ərzində 10000 dollar köçürə bilər. Yəni bu imkana malik olan şəxs axı niyə 200 dolları qanunsuz çıxarmaq istəsin ki?! Yəni bu inzibati xəta tərkibinin mahiyyəti ölkədən əsassız valyuta axınının qarşısını almaqdırsa, mütləq minimal məbləğ müəyyən edilməlidir. Əks halda, Palatanın cüzi məbləğlərə görə sahibkarları cərimələməsi axmaqlıq kimi görünür. Həm Palatanın, həm də məhkəmənin buna vaxt və səy sərf etməsi sadəcə dövlət vəsaitinin israfıdır". Əkrəm Həsənov deyir ki, bu haqsızlıqlarla üzləşən sahibkarlar həqiqətən şoka düşür: "Deyirlər ki, heç belə də şey olar, axı biz bu ölkə üçün işləyirik, heç bir pozuntuya yol vermirik, xaricə pul köçürüb mal gətiririk, bizə qarşı niyə belə davranırlar?". Həm Mərkəzi Bankın, həm də Palatanın bu məsələdə sahibkarlara qarşı qərəzliliyi həmçinin ondan görünür ki, Prezidentin göstərişlərinə baxmayaraq, sahibkarların maarifləndirilməsi, onlarla müzakirələrin aparılması istiqamətində heç bir iş görmürlər. Düzdür, burada Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da təqsiri var. Sahibkarların müdafiəsi üçün heç bir əməli iş görmür. Bu Konfederasiyaya real iqtisadiyyatdan olan biznesmenlər rəhbərlik etməlidir. Bankirlərin isə oz Assosiasiyası var, qoy ona rəhbərlik etsinlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31