Fransada Azərbaycan şərablarının dequstasiyası keçirilib
23 Oktyabr 2018 15:29 İqtisadiyyatBaş qərargahı Parisdə yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) bu qurumun, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Fransadakı səfirliyimizin və AZPROMO-nun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, tədbirdə çıxış edən Beynəlxalq Üzümçülük və Çaxırçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Azərbaycana səfərindən, qədim şərabçılıq ənənələrimizdən, Gəncə şəhərində keçirilən şərab festivallarından danışıb, ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət qayğısına toxunub.
Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov ölkəmizin iqtisadiyyatının dinamik inkişafından, onun dünyada tolerantlıq nümunəsi olmasından, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin burada birgə mehriban yaşamasından söz açıb. Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafına xüsusi diqqət verdiyini, bu sektorda yeni mərhələnin başlandığını bildirib. Nazir qeyd edib ki, şərabçılıq rentabelli sahədir: "Ölkəmizin kənd təsərrüfatı məhsulları təbii xüsusiyyətlərinə və keyfiyyətlərinə görə rəqabətədavamlıdır. Biz məhsullarımızın daha çox Avropa bazarlarına çıxarılmasını istəyirik. Buna görə də beynəlxalq əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. OİV strateji və etibarlı tərəfdaşımızdır. Azərbaycan bu təşkilatla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Gələcək tərəfdaşlığımızın perspektivləri ilə bağlı böyük ambisiyalı ideyalarımız var".
Tədbirdə, həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olunub, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırılıb. Daha sonra iştirakçılar SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak edən şirkətlərin şərabları ilə tanış olublar. Tədbirdə iştirak edən bir çox peşəkarlar şərablarımız haqqında yüksək fikrilərini bildiriblər. Bəzi distributorlar artıq ölkəmizin şərab istehsalçıları ilə razılığa da gəliblər. Azərbaycan şərablarının dequstasiyasında Paris Qida Məktəbinin (EPMT) müəllimi Aleksandr Lezyö və tələbələri də iştirak ediblər.