Ölkədə kənd təsərrüfatına maraq artıb
23 Oktyabr 2018 13:06 İqtisadiyyatİlham Əliyev: "Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar"
Ölkədə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunub. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, ixrac potensialı genişlənib. Xüsusən, kənd təsərrüfatı sahəsinin inkişafında ciddi naliyyətlər əldə olunub. Nəticədə kənd təsərrüfatı məhsullarının ixrac potensialı artıb, regionlarda məşğulluq problemi həllini tapıb. Məlum olduğu kimi aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib ki, son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb: "Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin. Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik". Xatırladaq ki, ixrac potensialının genişləndirilməsində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişafı xüsusi önəm kəsb edir. Görülən işlər nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub. Bu ilin 9 ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Prezident İlham Əliyev qeyd edib ki, rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir: "Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır. Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır". Xatırladaq ki, artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır. Göründüyü kimi statistik rəqəmlər deməyə əsas verir ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticə etibarilə iqtisadi dayanıqlığı təmin etməyə hədəflənib. Artıq nəticələr göz qabağındadır, Azərbaycan ixracatçı ölkəyə çevrilib.
Nurlan