Avropa İttifaqı Transxəzər qaz kəmərinə investisiya cəlb etməyə hazırdır
23 Oktyabr 2018 12:05 İqtisadiyyatAvropa İttifaqının (Aİ) nümayəndələri Brüsseldə Türkmənistan nümayəndə heyəti ilə danışıqlarda Transxəzər qaz kəmərinin tikintisinə investisiya cəlb olunmasına kömək etməyə hazır olduqlarını bildiriblər.
Aİ Transxəzər qaz kəmərinin inşasına və Türkmənistan təbii qazının Avropa bazarına çatdırılmasına böyük maraq göstərib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun sözlərinə görə, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi sayəsində qaz kəmərinin çəkilməsi üçün zəruri hüquqi əsas yaradılıb.
"İndi tələb olunan bu layihənin həyata keçirilməsi üçün yalnız layihə iştirakçılarının razılığı və sərt beynəlxalq tələblərə cavab verən ekoloji ekspertiza tələb olunur", - Türkmənistan lideri deyib.
Qeyd edək ki, Transxəzər qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur.
Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi Türkmənistanın Transanadolu qaz kəmərinə (TANAP) qoşulması üçün zəruridir. TANAP qaz kəməri isə Azərbaycan qazının Gürcüstandan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə çatdırılmasını və burada onun davamı olaraq Transadriatik boru kəməri (TAP) ilə Cənubi Avropaya qədər uzanmasını nəzərdə tutur.
"Report"