Torpaqların mühafizəsinə dövlət nəzarəti gücləndirilir
Təyinatı dəyişdirilmiş torpaqlar dövriyyəyə qaytarılır
23 Oktyabr 2018 11:42 İqtisadiyyatTəyinatı dəyişdirilmiş torpaqlar dövriyyəyə qaytarılır
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, müasir çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib. Ölkədə müəyyən olunmuş strateji xəttə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyində də müasir dövrün çağırışlarına uyğun olaraq bir sıra innovativ layihələr reallaşdırılıb. Belə tədbirlərin icrası zamanı başlıca amil olan qanunçuluq prinsipinin qorunub saxlanması, insan faktorunun önə çəkilməsi, o cümlədən şəffaflığın artırılması, göstərilən xidmətlərin vətəndaşa daha yaxın olmasıdır. Məlumat üçün qeyd edək ki, hazırda əmlak idarəçiliyində beynəlxalq təcrübəyə əsaslanan, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi bir çox iri layihələr icra olunmaqdadır. Bu sahədə önəmli layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması uğurla davam etdirilir. Ölkədə torpaq inzibatçılığı və istifadəsi sahəsində daha optimal nəzarətin təmin edilməsi üçün Peyk nəzarət sistemi qurulur. Elektron çıxarış, Elektron hərrac, "Əks zəng", "Əmlakın qeydiyyatı kalkulyatoru", "Kadastr kalkulyatoru" kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə 1, 3 və 7 iş günü müddətinə endirilib. Yeri gəlmişkən qeyd edək ki, əmlak idarəçiliyi sahəsində beynəlxalq layihələrə də önəm verilir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Avropa İttifaqının TAİEX proqramı çərçivəsində təqdim etdiyi 4 layihə Avropa İttifaqının keçirdiyi müsabiqədə qəbul edilib. Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərlə yanaşı vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlü kadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipi formalaşdırılır.
Digər vacib məsələlərdən bir də torpaqların təyinatı üzrə istifadəsi ilə bağlıdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı ilə dövlət torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradır. Rəsmi məlumata görə, hazırda kənd təsərrüfatı məqsədi ilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir. Məsələ orasındadır ki, bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Ancaq qanunu bilməmək heç də vətəndaşları məsuliyyətdən azad etmir. Elə bu səbədən də qanunu pozan mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür. Aparılan son reyd nəticəsində 7 belə şəxs məsuliyyətə cəlb edilərək cərimələnib. Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.
Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanunpozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb. Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati protokol yazılaraq 600 manat cərimə tətbiq edilib. Paralel olaraq 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib. Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb. Bundan başqa, dövlət əmlakının səmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb.
Hazırda dövlət əmlakının özəlləşdirilməsi sahəsində də ciddi addımlar atılmaqdadır. Statistik məlumata görə, cari ilin 9 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən "Özəlləşdirmə portalı"-na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar "Özəlləşdirmə portalı"nda yerləşdirilib. Eyni zamanda yerli sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlar keçirilib. Həmçinin, 2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Komitənin "Kütləvi çıxarış" və "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçün komitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətə başlayıb. Göstərilən elektron xidmətlərin sayı 39-a çatıb. Hazırda torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Hədəfdə isə daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsi kimi vacib məsələlər durur.
Alim