Ölkəmiz qarşısına qoyduğu bütün hədəfləri dəf etməyə qadirdir
Azərbaycan və Türkiyə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır
22 Oktyabr 2018 12:44 İqtisadiyyatAzərbaycan və Türkiyə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır
Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Star" neft emalı zavodunun açılmasının siyasi və iqtisadi əhəmiyyəti danılmazdır. Eyni zamanda, sözügedən layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi kimi dəyərləndirilir. Fakt ondan ibarətdir ki, iki qardaş ölkə hazırda dünyanın enerji təhlükəsizliyinə töhvə verməkdədir. Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, qardaş və dost Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimi tarixi bir hadisədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin daha bir əyani nümunəsidir. O, bildirib ki, iki dövlət, iki ölkə rəhbəri daim hafizələrdə yaşayacaq, yaddaşlardan silinməyəcək bir tarix yazdı. Onun sözlərinə görə, bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının əbədiliyinin, dönməzliyinin şahidi oldu: "Dünyada, yerləşdiyimiz coğrafiyada, regionumuzda çox böyük təlatümlər, qlobal siyasi, iqtisadi, diplomatik, hərbi kataklizmlər, qarşıdurmalar, terror aktları, müharibələr yaşanır. Özü də bunların birinin həlli tapılmamış, yenisi əlavə olunur. Ölüm, aclıq, yoxsulluq, səfalət baş alıb-gedir. Amma bunların fonunda həm Azərbaycan, həm Türkiyə gündən-günə inkişaf edir, dünyadakı yeri və nüfuzunu daha da artırır. Hər iki dövlət bu gün yerləşdiyi coğrafi məkanın təhlükəsizlik, sabitlik və inkişaf adasına çevrilib. Bunlar da, təbii ki, hər iki dövlətin uzaqgörən və müdrik liderlərinin çox düşünülmüş, balanslaşdırılmış, praqmatik və realist daxili və xarici siyasət kursu ilə bağlıdır". Deputat deyib ki, məhz iki ölkə liderinin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkələrimiz, dövlətlərimiz qan-qadalardan, çalxantılardan kənarda qala bilib, inkişaf və tərəqqi yolu ilə addımlamaqdadır: "Bu baxımdan, dünən qardaş ölkədə yeddi il öncə təməli, özülü atılmış "Star" zavodunun açılışı həm əlaqələrimizin inkişafında, həm də iqtisadi inkişafımızda mühüm rol oynayacaq, öz müsbət töhfələrini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq". E. Səlimov qeyd edib ki, Prezidentin ötən gün açılış mərasimində bu layihənin həyata keçməsinin əsas səbəbinin Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı olduğunu ifadə etməsinin artıq şərhə ehtiyac yoxdur: "Münasibətlərin səviyyəsini və gələcək perspektivlərini görmək, müəyyənləşdirmək üçün, bundan artıq, bundan yüksək fikir səslənə, ifadə edilə bilməz". Millət vəkili Tahir Rzayev qeyd edib ki, Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılması, həmçinin digər birgə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının nə qədər möhkəm olduğunu göstərir. Deputat qeyd edib ki, bu cür nəhəng layihələr yalnız dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğu, həmin dövlətlərin liderləri güclü siyasi iradə nümayiş etdirdiyi halda reallaşa bilir: "Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir, hər iki ölkənin liderləri birgə nəhəng layihələrin həyata keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir və bunun nəticəsidir ki, iki ölkənin iştirakı ilə çox mühüm enerji, nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır, hər iki ölkənin dünyada nüfuzunu daha da artırır. Bu cür layihələr siyasi dividendlərlə yanaşı, hər iki ölkənin iqtisadiyyatının güclənməsinə, vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir". Millət vəkili deyib ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir: "İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təzyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir". Xatırladaq ki, "Star" neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.
Nurlan