Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə hər bir sahədə inkişafa zəmin yaradıb
19 Oktyabr 2018 17:35 İqtisadiyyatBu inkişaf daha çox infrastruktur layihələrində özünü göstərir
Ölkənin ümumilikdə inkişafını şərtləndirən başlıca amillərdən biri paytaxtla yanaşı, regionların da inkişaf etdirilməsidir. Bu sahədə Azərbaycanda vəziyyət ürəkaçandır desək yanılmarıq. Çünki artıq uzun illərdir ki, Azərbaycanda regionlarda da yüksək templə inkişaf edir. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf paytaxtla yanaşı əyalətlərdə də özünü büruzə verir.
2004-2018-ci illəri əhatı edən Regionların sosial-iqtisadi iniişafına dair Dövlət Proqramları respublikada regionların inkişafına təkan verib. Bu dövrdə regionların sosial, kommunal, rabitə və nəqliyyat infrastrukturu ilə təminatı xeyli yaxşılaşdırılıb. Müxtəlif qiymətləndirmələrə görə, son 15 ildə regionlara yönəldilmiş sərmayələrin ümumi həcmi 60 milyard manatı ötüb ki, bu məbləğin də əhəmiyyətli hissəsi məhz infrastruktur layihələri vasitəsilə xərclənib. Doğrudur, keyfiyyətli infrastruktur regionlarda baza əmtəə və xidmətlərə bütün əhalinin bərabər çıxışına şərait yaradır.
Bakı Araşdırma Mərkəzinin araşdırmasında qeyd olunur ki, dayanqlı inkişafın vacib şərtlərindən biri də regionlararası iqtisadi tarazlığın təmin edilməsidir. Uğurlu bölgə inkişafı təcrübələri göstərir ki, tarazlı regional inkişafın təmin edilməsi, paytaxt və əyalətlər arasında kəskin iqtisadi fərqlərin aradan qaldırılması üçün əlverişli biznes mühitinin mövcudluğu vacibdir. Səmərəli idarəetmə, ilk növbədə bölgə səviyyəsində çevik iqtisadi qərarlar qəbul edə bilən yerli özünüidarəetmə sistemi olmadıqca əlverişli biznes mühitinin formalaşdırılması da çətindir. Azərbaycan hökuməti ildə bir dəfə ictimaiyyətə regionların inkişaf proqramının icrasına dair hesabat təqdim edir. Həmin hesabatlardan da aydın şəkildə görünür ki, ölkədə əlverişli biznes mühiti var. Dövlət sahibkarlara, xüsusilə də regionlarda fəaliyyət göstərən iş adamlarına ciddi dəstək olur, onlara güzəştli kreditlər verir. Sahibkarlar da öz növbəsində həmin güzəştli kreditlər hesabına yeni-yeni emal müəssisələri, şirkət və zavidlar açırlar ki, bu da ümumilikdə regionlarda işsizlik probleminin aradan qaldırılmasına müsbət təkan verir.
2017-ci ilin nəticələrinə görə, iqtisadiyyat üzrə ümumi məhsul buraxılışnın həcmi 77.6 milyard manat təşkil edib ki, bunun da 55.4 milyard manatı və ya 71.4 faizi Bakı şəhərinin payına düşür. "Böyük Bakı" adlandırılan coğrafi ərazi (Sumqayıt şəhəri və Abşeron rayonu daxil) üzrə ümumi məhsul buraxılışının həcmi 57.7 milyard manat (iqtisadiyyat üzrə ümumi göstəricinin 74.4 faizi) təşkil edib. İqtisadiyyat üzrə ümumi məhsul buraxılışında Bakı və regionların payı (2017-ci il), faizlə İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə məhsul istehsalında paytaxt və paytaxtətrafı ərazilərin payı daha yüksəkdir. Məsələn, Bakı və Abşeron yarımadasının payına sənaye üzrə ümumi məhsul buraxılışının 90.4 faizi, nəqliyyat sektoru üzrə buraxılışın 94.1 faizi, rabitə sektoru üzrə buraxılışın 94.4 faiz, ticarət sektoru üzrə dövriyyənin 55.2 faizi düşüb. Yalnız aqrar sektor üzrə ümumi buraxılışda paytaxtdankənar bölgələr dominant mövqeyə malikdir və bu göstəricidə Bakı və Abşeron yarımadasının xüsusi çəkisi cəmi 3.7 faiz təşkil edib. Statistika qurumu digər regionlardan fərqli olaraq Bakı şəhəri üzrə ÜDM göstəricisini hesabladığı üçün paytaxt və yerdə qalan bölgələrin ÜDM-də payını görmək mümkündür. 2016-cı ildə ölkə iqtisadiyyatı üzrə yaranan ÜDM-nin həcmi 60.4 milyard manat olub ki, bunun da 76.8 faizi təkcə Bakı şəhərində formalaşıb. Sumqayıt şəhəri və Abşeron rayonunda yaranan ÜDM-i də nəzərə alsaq, ölkə üzrə ÜDM-nin ən yaxşı halda 20 faizi Abşeron yarımadasından kənar ərazilərin payına düşür. ÜDM-nin formalaşmasında paytaxt və bölgələr arasında kəskin disproporsiya özünü ərazilər üzrə adambaşına düşən ÜDM-də daha aydın göstərir. İqtisadiyyatın bəzi sahələri üzrə yaranan ÜDM-də Bakı şəhərinin payı daha yüksəkdir. Bura xüsusilə sənayə, rabitə və nəqliyyat sektoru aiddir.
Rəsmi statistik informasiyalardan göründüyü kimi, ayrı-ayrı sektorlar üzrə yaranan əlavə dəyərdə paytaxtın payı ÜDM-də xüsisi çəkisini ifadə edən orta göstəricidən xeyli yüksəkdir. Məsələn, ÜDM-nin sənaye üzrə 92.4 faizi, nəqliyyat və rabitə üzrə 93.8 faizi, ticarət və ictimai iaşə üzrə (turizm də daxil) 74 faizi, tikiniti üzrə 67.4 faizi Bakı şəhərində formalaşıb. Yalnız kənd təsərrüfatında üstünlük regionlara məxsusdur və bu sektorda yaranan ÜDM-nin cəmi 0.5 faizi Bakı şəhərində istehsal edilib. Kənd təsərrüfatını nəzərə almasaq, qeyri-aqrar sektor üzrə iqtisadiyyatda yaranan ÜDM-nin 81 faizi Bakı şəhərinin hesabına formalaşır.
Büdcənin formalaşdırılmasındakı fərqlər Dövlət büdcəsinin formalaşmasında regionların payı çox azdır. 2016-cı ilin büdcə icrasına dair hesabatdan aydın görünür ki, 17.5 milyard manat məbləğində dövlət büdcəsi gəlirlərinin cəmi 3.2 faizi və ya 562.9 milyon manatı Bakı şəhərindən kənarda toplanan vergilərdir. Dövlət Neft Fondunun transfertlərini nəzərə almasaq, büdcənin formalaşmasında Bakının 94.5 faizi, bütün bölgələrinsə üst-üstə cəmi 5.5 faiz payı var. Lakin əsas kapitala investisiya qoyuluşlarının son illər bir qayda olaraq iqtisadiyyat üzrə məcmu sərmayələrin 75-80 faizini təşkil etdiyini nəzərə alsaq, bu göstəriciyə əsasən investisiya qoyuluşlarında Bakı və regionlar arasında fərqləri ayırd etmək mümkün olar. 2016-cı ildə iqtisadiyyat üzrə əsas kapitala yönəldilən investisiyaların (cəmi 15.7 milyard manat) 11.8 milyard manatı və ya 75 faizi Bakı şəhərinin payına düşüb.
Böyük Bakıdan kənar regionlara əsaslı kapitala investisiyaların cəmi 23 faizə çatır. Ərazinin fiziki ölçüsünə əsasən müqayisə edilərsə, Bakı aqlomerasiyasının hər kvadrat kilometrinə 4.9 milyon manat, regionların (işğal edilmiş ərazilər nəzərə alınmadan) isə hər kvadrat kilometrinə 60 min manata yaxın əsaslı kapitala investisiya düşür. İxracata regionların töhfəsi İxracatın həcminin regionlar üzrə bölgüsünə dair rəsmi statistikada məlumat yoxdur. Lakin xarici ticarətin əmtəə strukturuna diqqət yetirməklə kiçik kənarlaşma ilə ixracda paytaxt və regionların payını ayırd etmək olar. Məsələn, 2017-ci ildə ümumi ixrac 13.8 milyard dollar olub. Bilavasitə Bakı və Abşeron yarımadasında istehsal olunan neft və neft məhsullarının ixrac həcmi 12.3 milyard dollara, neft-kimya və metallurgiya sənayesi məhsullarının ümumi ixrac həcmi isə 400 milyon dollara yaxındır. Təkcə elə sadalanan bu əmtəə mövqeləri üzrə məhsulların ümumi ixracının ölkənin ümumi ixracındakı payı 92 faizdir. İstehsal müəssisələri əsasən Bakı şəhərində yerləşən iri qida şirkətlərinin də xaricə çıxardığı məhsulların dəyərini nəzərə alsaq, Abşeron yarımadasından kənar bütün ölkə regionlarının ümumi ixracda payı 5-6 faizdən çox deyil. Bu məhsullar da əsasən kənd təsərrüfatı sektoruna aiddir. Kredit təminatında fərqlər 2017-ci ilin yekunlarına görə, iqtisadiyyat üzrə ümumi kredit qoyluşlarının həcmi 11.6 milyard manat təşkil edib. Həmin məbləğin 9.7 milyard manatı və ya 83.6 faizi Bakı şəhərinin, 449.5 milyon manatı, yaxud 3.9 faizi Abşeron iqtisadi rayonunun payına düşür. Göründüyü kimi, paytaxt və paytaxtətrafı coğrafiyadan kənar bütün ölkə ərazisinin ümumi kreditləşmədə xüsusi çəkisi cəmi 12.5 faizdir.
Bakı şəhərində bütün yaşayış sahələrinin 99 faizi su şəbəkəsinə, 96.4 faizi kanalizasiya şəbəkəsinə, 96.4 faizi təbii qaz şəbəkəsinə qoşulub. Ölkənin Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan kimi şəhərlərində də kommunal xidmətlərlə təminat səviyyəsi Bakının göstəricilərinə yaxındır. Bir neçə rayonun timsalında rəsmi məlumatlardan da göründüyü kimi, kənd ərazilərinin üstünlük təşkil etdiyi bölgələrin bir çoxunda kommunal xidmətlərlə təminat səviyyəsi paytaxtın uyğun göstəricilərindən kəskin şəkildə aşağıdır. Son 10 ildə dövlət büdcəsinin investisiya xərclərindən əhalinin qaz təminatının yaxşılaşdırılmasına 1 milyard manatdan artıq vəsaitin xərclənməsinin nəticələri qazla təminat səviyyəsində özünü göstərir. Ayrı-ayrı bölgələrin qazla təminat göstəriciləri 45-95 faiz ətrafında dəyişir. Mərkəzləşdirilmiş şəbəkə vasitəsilə içməli su təminatı müxtəlif bölgələrdə çox fərqlidir. Bu xidmət üzrə ən aşağı göstərici 2-10 faiz intervalındadır (Gədəbəy, Ağcabədi, Cəlilabad və s. rayonlarda). Mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat isə regionlarda daha pis vəziyyətdədir. Rəsmi rəqəmlərdən görünür ki, 60-dan artıq kənd rayonundan 18-də mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat səviyyəsi 20 faizdən, öz növbəsində 32 bölgədə 40 faizdən aşağıdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir