Bakıda bal yarmarkası keçiriləcək
10 Sentyabr 2018 13:30 İqtisadiyyat"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-28-i tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olub. Bildirilib ki, sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə həyata keçiriləcək.
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək.