Fermerlərlə görüş keçirilib
10 Sentyabr 2018 13:02 İqtisadiyyat"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən "Regionlarda maarifləndirmə və sorğu" layihəsi çərçivəsində Salyanda növbəti görüş keçirilib. Kənd Təsərrüfatı Naziurliyinin informasiya təminatı şöbəsindən "OLAYLAR"-a bildirilib ki, görüşə Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Şirvan və İmişli rayonlarında fəaliyyət göstərən fermerlər qatılıblar.
Layihənin əsas məqsədi "Aqrolizinq" ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasından ibarətdir.
Qeyd edək ki, "Aqrolizinq" ASC kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı yeni texnikalar gətirərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir.
Görüşün sonunda 30 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib. Görüşdən sonra iştirakçılar fermer Azər Ağayevin kooperasiya təsərrüfatında görülən işlərlə tanış olublar.