Quba rayonunun daha iki kəndinə təbii qaz verilib
6 Sentyabr 2018 11:55 İqtisadiyyatSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, Quba rayonunun Güneyməhəllə və Ərməki kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki. bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, 143 abonenti olan Ərməki kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1160 metr polietilen boru ilə daşıyıcı, 7482 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 75 abonenti olan Güneyməhəllə kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8319 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.