Azərbaycanın maliyyə bazarında vəziyyət sabitdir

Fikrət Yusifov: "Milli valyutamızın məzənnəsi artıq uzun müddətdir ki, dəyişməz bir vəziyyətdədir"

"Qonşu ölkələrdə baş verən bu prosseslərin nəticələrinin bizdən yan keçməsi mümkün deyil"

Artıq bir neçə həftədir ki, şimal və cənub qonşularımız, eləcə də qardaş Türkiyədə ciddi şəkildə maliyyə böhranı yaşanır. Birləşmiş Ştatlar dollarının hər üç ölkənin milli valyutasına nisbətən nəzərəçarpacaq dərəcədə bahalaşması həm Rusiya, həm İran, həm də Türkiyə iqtisadiyyatında bir sıra problemlərə yol açıb. Azərbaycanın hər üçn ölkə, xüsusilə qardaş Türkiyə ilə geniş iqtisadi, ticari əlaqələrə malik olduğunu nəzərə alan ekspertlər oxşar proseslərin tezliklə Azərbaycanda yaşanacağını proqnozlaşdırırlar. İddia edilir ki, yaxın vaxtlarda Azərbaycanda da dolların məzənnəsi milli valyutaya nisbətən arta bilər. Bəs görəsən bu nə dərəcədə realdır və dolların manata nisbətən bahalaşması mümkün görünürmü? Bu və ya digər suallarla sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov hazırda Azərbaycanın maliyyə bazarında mövcud olan vəziyyət barədə də danışıb.

-Fikrət müəllim, hazırda Azərbaycanda maliyyə bazarlarında vəziyyəti necə dəyərləndirərdiniz və manatın öz dəyərini qoruyub saxlaması tendensiyası davam edəcəkmi?

-Azərbaycanın maliyyə bazarında vəziyyət sabitdir. Milli valyutamızın məzənnəsi artıq uzun müddətdir ki, dəyişməz bir vəziyyətdədir. Bu ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin yüksələn xətlə inkişafı ilə bağlıdır. Digər tərəfdən 2017-ci ilin ortalarından başlayaraq neftin qiymətləri artmaqda davam edir. Təbi ki, qiymətlərin belə yüksək olması hesabına əvvəlkindən daha çox əldə etdiyimiz valyuta gəlirləri milli valyutamızın təhlükəsizlik yastığının böyüməsinə imkan verir.

-Ancaq şimal və cənub qonşumuz, eləcə də qardaş Türkiyənin maliyyə bazarlarında baş verən arzuedilməz proseslər, hər 3 ölkənin milli valyutasının dəyərinin aşağı düşməsi belə bir fikir formalaşdırıb ki, Azərbaycanda da oxşar hadisələr yaşana bilər.

-Qonşu ölkələrdə baş verən bu prosseslərin nəticələrinin bizdən yan keçməsi mümkün deyil. Bu birmənalı şəkildə belədir. Lakin bu təsirin zərərsizləşdirilməsi və ya iqtisadiyyatımıza, maliyyə sistemimizə bu hadisələrin təsirinin minimuma endirilməsi üçün vaxtında zəruri tədbirlər görməyə borcluyuq. İlk öncə milli valyutaların kəskin ucuzlaşdığı qonşu ölkələrdən idxalın daha sərfəli olacağını düşünsək də belə, idxalın bir başqa çatışmayan cəhətlərini də nəzərdən qaçırmamalıyıq. Belə ki, əvvəlkindən daha ucuz idxal daxili bazarda yerli istehsalımızın rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Digər tərəfdən, qeyri-neft sektorundan qonşu ölkələrə ixrac etdiyimiz məhsullar ixrac ölkələrindəki yerli məhsullarla rəqabət aparmaq imkanlarını itirə bilər. Çünki bu ölkələrdə istehsal olunan məhsulların milli valyutaların ucuzlaşması səviyyəsində bahalanması mümkün deyil. Bu səbəbdən biz ixrac etdiyimiz məhsulların ziyanla başa gəlməsi ilə üz-üzə qala bilərik.

-Ümumiyyətlə, Rusiya, İran və Türkiyənin maliyyə bazarlarındakı vəziyyətin Azərbaycana təsiri nə dərəcədə mümkündür?

-Nəzərə alaq ki, qeyri-neft ixracımızın böyük iki bazarından biri Rusiya, digəri  Türkiyədir. Bu ölkələrin milli valyutaları davamlı şəkildə ucuzlaşarsa biz artıq gözləmə mövqeyi tutub dayanmamalıyıq. Yəni həmin ölkələrin milli valyutalarının davamlı ucuzlaşacağı təqdirdə manatın məzənnəsinin tədricən yumşaldılması baş verməlidir. Əks halda nə daxili bazarda, nə də xarici bazarda yerli məhsullarımızın rəqabət qabiliyyətli olmasını təmin edə bilmərik. Bu isə yerli istehsala böyük zərbə olar. Müəssisələr bağlanar, iş yerləri itirilər və ümumi iqtisadiyyatımız itkilərə məruz qalar. Qeyri-neft sektorunun indiki sürətli inkişafı mərhəlləsində buna yol vermək olmaz.

-Türkiyədən söz düşmüşkən, sizcə Türkiyədəki bu böhranlı vəziyyət nə vaxta qədər davam edəcək və hökumətin atmış olduğu addımlar problemi aradan qaldırmağa imkan verəcəkmi?

-Türkiyə iqtisadiyyatı kifayət qədər güclüdür. Türkiyənin illik ixracı 140 milyard dolları ötüb keçir. Bu böyük rəqəmdir. Sadəcə qardaş ölkədə ABŞ-ın tətbiq etdiyi gözlənilməz sanksiyalar bir qədər panika yaratdı. Panik vəziyyət 2015-ci ildə bizim də valyuta bazarımızda yaradılmışdı. Bu səbəbdən biz də milli valyutamızın kəskin devalvasiyası ilə üzləşdik. Əslində həmin vaxt valyuta ehtiyatlarımız kifayət qədər idi, iqtisadiyyatımız isə indiki kimi sabitlik nümayiş etdirirdi. Lakin buna baxmayaraq bu xoşagəlməz hadisə baş verdi. Daxili və xarici qüvvələr maliyyə  bazarında panika yaratmaqla milli valyutamızın kəskin ucuzlaşmasına nail ola bildilər. Bu gün Türkiyədə də eyni ssenari işləyir. Hesab edirəm ki, Türkiyə bu vəziyyətdə çox qısa bir zamanda qurtulacaq. Çünki Türkiyə iqtisadiyyatı kifayət qədər dayanaqlıdır.

-Bəs bu arada Türkiyədən səsləndirilən dollardan imtina çağırışı nə dərəcədə reallaşa bilər və bu nə dərəcədə doğru addım ola bilər?

-Bu məsələdə bir qədər zamana ehtiyac olacaq. Bunu tək Türkiyə istəmir. Rusiya, Çin, Hindistan, Braziliya kimi nəhəng dövlətlər və digər başqa ölkələr də dollar asılılığından qurtulmaq yolu seçiblər. Problem ondadır ki, dollar dünyada rəsmi etolon valyuta rolunu 1946-cı ildən daşıyır və bu səbəbdən də onun valyuta bazarlarında, hesablaşmaların aparılmasında, ölkələrin valyuta ehtiyatlarının formalaşmasında rolu hələlik aparıcıdır. Bu asılılıqdan dolların etalon rolunun alternativ variantını  işləyib hazırlamaqla tədricən qurtulmaq mümkündür. 

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31