Azərbaycanda dollara tələb yüksələcək?

Ekspert: "Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır"

Hazırda ABŞ dolları digər valyutalar qarşısında yüksəlişini davam etdirir. Məlumata görə, Türkiyədə dolların məzənnəsi rekord həddə çatıb. Digər tərəfdən, Türkiyədə siyasi qeyri-müəyyənlik və Mərkəzi Bankın faiz artımı gözləntiləri məzənnənin yüksəlişinə təsir edib. Türk lirəsi ilin əvvəlindən bəri dollar qarşısında xeyli  ucuzlaşıb. Məlumata görə, Türkiyənin milli valyutasının ucuzlaşması fonunda yerli bankların səhmləri  6,5%-ə qədər dəyər itirib. Bankların illik dəyər itkisi isə 37%-ə çatıb. Bütün bunların kökündə isə Türkiyə ilə ABŞ arasında siyasi gərginliyin yaranması, 1-cinin 2-ciyə ixrac etdiyi dəmir və aluminium üçün gömrük rüsumlarının ikiqat artırılması, iki türk nazırə qarşı sanksiyaların tətbiqidir. Bu xəbərlər həm qlobal, həm də yerli maliyyə bazarlarında təşvişə səbəb olub, Türkiyə bankları dollara olan tələbatı ödəməkdə çətinliklərlə üzləşib. Bu da səbəbsiz deyil. Çünki Türkiyənin uzun müddətdir ki, həll edə bilmədiyi ciddi iqtisadi problemlər var. Ölkənin xarici ticarət balansının kəsiri artmaqda davam edir, qiymət artımının illik həddi 15,85%-ə yüksəlib, yerli özəl şirkətlərin xarici borcu ümumi daxili məhsulun (ÜDM) 40%-nə çatıb. Bu cür şəraitdə dolların kəskin bahalaşması Türkiyənin özəl sektoru üçün yaxşı heç nə vəd etmir. Lirənin ucuzlaşmasını dayandırmaq üçün bu həftənin əvvəlindən Türkiyənin banklara nəzarət qurumu yerli kredit təşkilatlarının svop əməliyyatlarına məhdudiyyət tətbiq etməyə qərar verib. Türkiyənin Mərkəzi Bankı isə ehtiyat normalarını azaldaraq 90 günlük repo əməliyyatlarını bərpa edib və valyuta bazarına əlavə likvidlik verib. Bunlara paralel olaraq, hökumət ölkənin aparıcı iqtisadi birliklərinin və bank sektorunun aparıcı nümayəndələrinin iştirakı ilə Amerika valyutasında qarşı təbliğat kampaniyasına başlayıb. Cəmiyyətin bir hissəsinin bu kampaniyaya qoşulması ilə lirənin dəyər itirməsinin qarşısı alınıb və bu gün Türkiyədə 1 dollar qısa müddətə 6 lirədən aşağı düşüb.

Paralel olaraq Birləşmiş Ştatların Moskvaya yeni sanksiya tətbiq ediləcəyini açıqlamasının ardınca rus rublu da ucuzlaşıb, nəticədə səhmlərin qiyməti enməyə başlayıb. Rusiya valyutası 3,1 faiz ucuzlaşıb, bir dollar 65,55 rubla bərabərləşib. Bu, 2016-cı ilin noyabrından ən aşağı məzənnədir. Rubl avqustun 9-da Asiya bazarlarında da üzüaşağı getməkdədir. Rusiyanın RTS fond indeksi dəyərinin 3 faizə qədərini itirib. Əslində, rubl və səhmlərin ucuzlaşması prosesi Rusiya mediası "dağıdıcı sanksiyalar"ın detallarını açıqlayandan düşməyə başlamışdı. O zaman konqresmenlər Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsinə görə sanksiyalar təklifi irəli sürmüşdülər.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Region ölkələrində yerli valyutaların ucuzlaşmasından sonra qlobal maliyyə bazarında da dəyişikliklər müşahidə olunur. Ankara "1 dollar 6 Türkiyə lirəsi" məzənnəsini qoruyub saxlamağa çalışır: "Amma bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir. Rusiya rublu da heç də yaxşı günlərini yaşamır. Amma Kreml "rubla yenidən daha pis günləri yaşatmamaq" üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən "qara buludların" çəkildiyini söyləmək tezdir". Ekspert deyib ki, ABŞ prezidenti Donald Trampın son "tvit"i avroya yenidən nəfəs qazandırır: "ABŞ prezidenti Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək, Federal Ehtiyatlar Sisteminin uçot stavkasının artırlması ilə bağlı siyasətini tənqid edib. Belə görünür  ki, Tramp administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın "ucuz dollar böyük ixrac" yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür. Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza - manata da psixoloji təsir göstərir".

V.Bayramov qeyd edib ki, lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi: "Xarici valyutalara tələb nisbətən azalsa da yenə də əvvəlki aylar ilə müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31