Qonşu ölkələrin maliyyə bazarlarında baş verənlər Azərbaycanda təkrarlana bilərmi?

Ekspertlər: "Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur"

Azərbaycanın şimal və cənub qonşuları, eləcə də qardaş Türkiyə ciddi maliyyə böhranından əziyyət çəkir. Daha dəqiq desək Birləşmiş Ştatlar dollarının türk lirəsi, rus rublu və İran railına nisbətən dəyər qazanması və hər üç ölkənin milli valyutasının dollar qarşısında kifayət qədər ucuzlaşması Türkiyə, Rusiya və İranda devalvasiyaya yol açıb. Dolların qiymətinin qalxması ən çox qardaş Türkiyədə müşahidə edildi. Belə ki, Amerika dollar son illərin ən record göstəricisinə qalxaraq 7 lirə belə təşkil etdi. Düzdür, son günlər atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində 1 Amerika dollar 5,95 lirə təşkil etsə də, lakin hazırkı vəziyyət də qardaş ölkə üçün heç də məqbul deyil. Eyni situasiyanı Rusiya və İran barədə də söyləyə bilərik.

Azərbaycanın şimal və cənub qonşuları, eləcə də qardaş Türkiyədə dolların dəyərinin sürətli şəkildə qalxması Azərbaycanda da bəzi yersiz təlaş və əndişlərə səbəb olub. Ölkəmizin hər üç qonşu dövlətlə sıx iqtisadi və ticari əlaqələrə malik olduğunu əsas gətirərək bəzi ekspertlər iddia edirlər ki, Azərbaycanda da Amerika dollar milli valyutaya nisbətən bahalaşacaq. Lakin iqtisadçılar isə tamamilə fərqli mövqedədirlər.

İqtisadçı ekspert Perviz Heydərov deyir ki, Türkiyədə lirənin ucuzlaşmasına, o cümlədən Rusiyada rublun və digər qonşu ölkələrdə də milli valyutaların dəyərsizləşməsinə əsasən, Azərbaycanda manata görə narahat olmağa dəyməz: "Lakin, sual oluna bilər ki, nə vaxta qədər? Əvvəla, sözügedən ölkələrdə milli valyutaların dəyəri sərbəst bazar qanunları əsasında tənzimlənir. Yəni, tələb və təklifin nisbətinə əsasən. İkincisi, həmin ölkələrdə bunu iqtisadi amillərlə yanaşı, həm də siyasi proseslər şərtləndirir, formalaşdırır. Ölkəmizdə bunların heç biri yoxdur. Lakin bizim, o ölkələrlə ticarət əlaqələrimiz vardır. Və qeyri-neft sektoru üzrə məhsulların alış-verişini demək olar, yalnız bu ölkələr ilə həyata keçiririk. Ona görə də, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması Azərbaycan iqtisadiyyatının "oksigenlə təminatını" bir növ daraldır. Bizdən onlara mal ixracını deyil, onlardan bizə mal ixracını stimullaşdırır. Çünki sözügedən ölkələrdə mallar ucuzlaşır". Ekspertin qənaətincə, bununla yanaşı heç də düşünməməliyik ki, bu amil bizim bazarda da eyni ilə özünü büruzə verəcək və yaxud da verməlidir də: "Xeyr. Milli valyutaları ucuzlaşan ölkələrdən ölkəmizə mal gətirən iş adamları həmin malları bizdə elə əvvəlki qiymətə də satmaqda davam edəcəklər. Sadəcə olaraq, bundan özləri ikiqat artıq gəlir götürəcəklər. Bu isə, ölkəmizdə Birləşmiş Ştatlar dollarına tələbatı istər-istəməz artıracaq. Yəni ki, həmin iş adamları tərəfindən". Pərviz Heydərov bildirib ki, manatın dəyəri neftin dünya bazar qiymətinə bağlıdır. Hazırda da neftin qiyməti 70 dollardan yuxarıdadır: "Düzdür,  lirəyə, rubla və sairəyə görə manatımız ucuzlaşmayacaq. Amma onun məzənnəsini 1,70 azn səviyyəsində saxlamaq işi çətinləşəcək və artıq, çətinləşib də.  Odur ki, əziyyət çəkən Mərkəzi Bank olacaq. Belə ki, qeyri-neft sektorumuz üzrə məhsul ixracımız genişlənməsə, manatı dollara nisbətdə 1.70 azn-də saxlamaq perespektivsiz siyasətdir".

İqtisadçı deyir ki, qonşu ölkələrdə milli valyutaların Birləşmiş Ştatlar dollarına görə dəyərsizləşməsi isə Azərbaycanda qeyri-neft sektorunun inkişafını zəiflədir və hətta, bunu tam buxova alır: "Belə şəraitdə isə, manatın Birləşmiş Ştatlar dollarına nəzərən 2 azn həddə sıçraması hər an gözlənilən hadisədir"

İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, Türkiyə, Rusiya və İranda dollar ona görə bahalaşır ki, Amerika Birləşmiş Ştatları (ABŞ) həmin ölkələrə sanksiya tətbiq edir: "Azərbaycanın manatının məzənnəsi əsasən neftdən asılıdır. Neftin qiyməti isə kifayət qədər yüksəkdir. Ona görə də hazırda manatın ucuzlaşması üçün heç bir əsas yoxdur. Əslində Birləşmiş Ştatların adıçəkilən ölkələrə sanksiya tətbiq etməsi neftin bahalaşmasına stimul yaradır. Maaşdan maaşa dolanan şəxslərə dollar almağı məsləhət görmürəm. Çünki onlara pul lazım olduğu zaman həmin dollarla manata dəyişməyə məcbur olacaqlar. Mübadilə əməliyyatlarında isə dolları aldıqları qiymətə sata bilmədikləri üçün zərər edəcəklər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31