Yerli istehsalın genişləndirilməsi Regionların sosial-iqtisadi inkişaf proqramlarının mahiyyətini təşkil edir
1 Avqust 2018 16:19 İqtisadiyyatÖlkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları öz müsbət nəticəsini verməkdədir. Belə ki, sözügedən proqramların icrası ölkə iqtisadiyyatı ilə yanaşı, vətəndaşların sosial rifah halının yüksəlməsinə müsbət təsir göstərib.Təkcə 2018-ci ilin birinci yarısının ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb. 2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb. Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Prezident İlham Əliyev həmçinin, sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən xeyli işlər görülüb, bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirlir.
Nazirlikdən verilən məlumata görə, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir. Ölkəmizdə "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış "Xəzər" avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir. Hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. Bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır. İclasda Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib.Nazirlikdən bildirilib ki, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yerli istehsalın genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud istehsal sahələrinin potensialının artırılması daim diqqət mərkəzindədir. Bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir. 2018-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək.
Regionların sosial- iqtisadi inkişaf proqramları çərçivəsində aqrar sektorun inkişafı məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan artıq olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək 14 aqropark istifadəyə veriləcəkdir. Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur. İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir. Bundan sonar da dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına diqqət daha da artırılacaq, səhiyyə və təhsil obyektlərinin tikintisi, əsaslı təmiri və ya yenidənqurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir