Azərbaycanın artan iqtisadi gücü

Ölkəmizi beynəlxalq reytinq agentliklərinin hesabatlarında ön sırada qərarlaşdırır

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi potensialını yüksəltməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir. İldən-ilə artan Ümumi Daxili Məhsul, büdcə gəlirləri, valyuta ehtiyatlarımız ümumilikdə Azərbaycan iqtisadiyyatının stabil və dinamik şəkildə inkişafını şərtləndirir. Məhz bu müsbət keyfiyyətlərinə görə, bu gün Azərbaycan dünya ölkələri arasında ön sıralarda qərarlaşır. Eləcə də beynəlxalq təşkilatların açıqladıqları reytinqlərdə, hesabatlarda Azərbaycan ilk yerləri bölüşdürür. Elə bu günlərdə  Müstəqil Dövlətlər Birliyi üzrə əməkhaqqının səviyyəsinin açıqlandığı hesabatdan da aydın olur ki, Azərbaycan postsovet ölkələri arasında ilk beşlikdə yer alır. Məlumat üçün qeyd edək ki, bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Ekspertlər Azərbaycanın reytinqdə ilk beşlikdə qərarlaşmasını müsbət dəyərləndirərək bunun tam reallığı əks etdirdiyini bildirirlər. Bildirilir ki, müntəzəm olaraq il ərzində ölkədə əmək haqqlarının bir neçə dəfə artırılması fonunda bunun aydın görmək mümkündür.

İqtisadçı ekspert Elvin Babayev bildirib ki, Azərbaycanın bu kimi reytinq cədvəlində ön sıralarda yer alması ilk növbədə ölkədə həyata keçirilən uğurlu islahatlar və siyasətin məntiqi nəticəsidir: "Azərbaycan dayanıqlı iqtisadi inkişaf tempinə görə, bu gün nəinki MDB məkanında, eləcə də dünyanın qabaqcıl ölkələri arasında mühüm yer tutur. Təsadüfi deyil ki, bu gün bir sıra ölkələr məhz Azərbaycanın iqtisadi inkişaf modeli ilə yaxından maraqlanır, onu öz ölkələrində tətbiq etmək istəyirlər. Xüsusilə, bir neçə il əvvəl dünyanı bürüyən maliyyə böhranından sonra bu tendensiya özünü göstərməyə başladı. Məlum maliyyə böhranından əksəriyyət ölkələr, hətta dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətləri belə ciddi zərər çəkib, bunu öz gündəlik həyatlarında hiss etsələr də, lakin Azərbaycan atdığı addımlar, antiböhran tədbirləri nəticəsində yaranmış vəziyyətdən minimum itki ilə çıxa bildi. Heç şübhəsiz ki, bu amil də öz-özlüyündə Azərbaycanın iqtisadi inkişaf modelinə olan marağı artırdı" Elvin Babayev qeyd edib ki, həmin ərəfədə bir sıra ölkələrdə iş yerləri bağlanıb, zavod və fabriklər fəaliyyətini dayandırsa da, əhalinin əmək haqqı və pensiyalarının məbləğində heç bir artım baş verməsə də, lakin Azərbaycanda tamamilə fərqli situasiya yaşandı: "Azərbaycan əvvəlcədən nəzərdə tutduğu sosial layihələri davam etdirdi, irimiqyaslı projeləri gerçəkləşdirdi. Xüsusilə, bir məqama diqqət çəkmək yerinə düşər ki, bu da yuxarıda qeyd etdiyimiz reytinqlə bağlıdır. Belə ki, hətta böhran illərində belə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə əmək haqqı və pensiyaların məbləği artırıldı və bu proses bir növ davamlı xarakter daşıyır. Belə ki, ötən il də dövlət başçısının səsərncamları ilə dövlət büdcəsindən maliyyələşən qurumlarda, müəssisələrdə çalışan şəxslərin əmək haqqı bir neçə dəfə artırıldı. Heç şübhəsiz ki, bu kimi amillər də məlum beynəlxalq təşkilat və qurumların hazırladıqları reytinq cədvəllərində, hesabatlarda öz əksini tapır və Azərbaycan həmin siyahılarda ön yerləri bölüşdürür".

İqtisadçı ekspert deyib ki, hazırda Azərbaycanın artan iqtisadi gücü, eləcə də yaxın illərdə Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrdən gələcək gəlirlər daha nikbin danışmağa imkan verir: "Təbii ki, Azərbaycanın transmilli layihələrdən gəlirlərinin artması istər-istəməz əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xidmət edəcək. Bu da heç şübhəsiz ki, əmək haqqlarının yenidən artımı fonunda pzünü göstərəcək". Elvin Babayev bildirib ki, ölkədə iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri də siyasi sabitlikdir ki, Azərbaycanda da bu yüksək səviyyədə təmin olunur. Onun sözlərinə görə, siyasi sabitlik olmadan iqtisadi inkişafdan da danışmaq mümkün deyil.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31