Deputat: "Tarif Şurasının qiymətin tənzimlənməsinə dair qərarına ehtiyac var idi"
31 İyul 2018 14:21 İqtisadiyyatTarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi. Əvvəlki vaxtlarla müqayisədə hazırda ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında ciddi artım var. Bununla yanaşı, ölkəmizə gələn turistlərin sayı durmadan artır. Bu səbəbdən də nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksək səviyyəyə çatdırılması üçün bu addımın atılmasına ehtiyac duyulurdu.
Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov deyib.
O bildirib ki, metro qiymətlərinin artımına gəldikdə, bu nəqliyyat vasitəsi dövlətin ayırdığı dotasiya ilə çalışır. Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Dövlət isə bu sahəyə ayırdığı xərclərə qənaət edərək vəsaiti digər sosial layihələrə və əməkhaqlarının artırılmasına yönəldəcək. Dövlətimizin apardığı iqtisadi siyasətin ən başlıca prioritetlərindən biri sosial problemlərin həllidir. Son dövrlərdə aparılan çoxsaylı islahatlar da ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır.
A.Hüseynov qeyd edib ki, Azərbaycanı digər MDB ölkələri ilə müqayisə etdikdə, ölkəmizdə nəqliyyat sektorundakı qiymətlər daha aşağıdır. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Ekspertin fikrincə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Azadinform